Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 15:00:00
Bu rayondan ali məktəbə sənəd verənlərin 70 faizi tələbə adını qazandı

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Şəki rayonunun məzunları üçün də uğurlu olub. Belə ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1279 nəfər şəkili məzundan 880 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500 baldan, o cümlədən 81 nəfər 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan 43 nəfərinin nəticəsi 650 baldan yuxarı olub.

AzEdu.az xəbər verir ki, bu faktlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış şəkili gənclərlə şəhər ictimaiyyəti nümayəndələrinin görüşündə səsləndirilib.

Şəhər rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova şəkili məzunların qazandıqları uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, builki qəbul imtahanlarında Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova rayon üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayıb. İmtahanlarda həmin liseyin daha bir məzunu Yusif Xəlilli və şəhər 11 saylı tam orta məktəbin məzunu Aytən Xəlilova 695 bal, Şəki şəhər 5 və 7 saylı tam orta məktəblərin məzunları Aysel Abdullayeva və Fərid Məmmədov isə 690 bal toplamağa müvəffəq olublar.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, tələbə adını qazanmış gəncləri və onların valideynlərini təbrik edib. Bildirilib ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Sonra 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər şəhər ictimaiyyətinə təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.