Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 15:45:00
Məktəbli geyim və ləvazimatlarını hardan alaq? - QİYMƏTLƏR
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq valideynlər uşaqlarına məktəbli ləvazimatları almaq üçün təşkil olunan məktəbli yarmarkalarına üz tuturlar. Şəhərin mərkəzi küçələrində, metrostansiya çıxışlarında Bakı şəhər İcra hakimiyyəti tərəfindən hər il olduğu kimi məktəbli yarmarkalarının təşkil edilməsinə şərait yaradılıb. 
 
Bəs bu gün məktəbli ləvazimatları ilə bağlı vəziyyət necədir? 
 
AzEdu.az xəbər verir ki, moderator.az-ın əməkdaşı vəziyyətlə tanış olmaq üçün yarmarkalara üz tutub. Metronun Nəriman Nərimanov stansiyasının çıxışında təşkil edilən bir neçə yarmarkada valideynlərin alış-verişinə rast gəldik. Gənc satıcı İlkin satışdan razı olduğunu deyir:
“Satış yaxşıdı, insanlarımız alış-veriş edirlər. Bizdə qiymətlər o qədər də baha deyil, hətta bütün ləvazimatları bizdən alan müştəriyə endirim də edirik. Məktəbli çantaları yeddi manatdan başlayaraq, qırx beş manata qədər qiymətlər dəyişir. Bir məktəblinin kitab və məktəbli geyimi daxil olmadan, çantası və məktəb ləvazimatlarına yetmiş manat civarında pul lazım olur. Gün ərzində 30-40 müştəri yola salırıq. Getdikcə, dərs ilinə vaxt azaldığından müştərilərin sayı çoxalır”.
 
Yarmarkalarda satılan ləvazimatların qiymətləri belədir: 
 
1 ədəd 12 vərəqli dəftər-10 qəpik,
 
1 ədəd 40 vərəqli dəftər-40 qəpik,
 
1 ədəd 60 qəpik dəftər-40-50 qəpik,
 
1 ədəd 100 vərəqli dəftər-70-80 qəpiyə satılır. 
 
Bir neçə ildir ki, bu işlə məşğul olduğunu deyən Habil adlı satıcı satışdan narazıdı, müştəri qıtlığından şikayət edir:
“İl-ildən satış zəifləyir. İnsanlar mənə elə gəlir ki, “Sədərək” və “Binə” Ticarət Mərkəzlərinə üz tuturlar ki, hər şeyi ordan alanda qiymətlər də ucuz düşsün. Biz də çalışırıq ki, müəyyən endirimlər edək. Amma görünür bu il reklamımız olmadığı üçün müştərilərimiz yoxdur. Özünüz də görürsünüz dükan boşdu, bir nəfər də olsun müştəri yoxdur”. 
 
Yarmarkalarda satılan şagird köynəklərinin qiyməti 8-9 manat, şalvarlar 15-18, pencəklər 25-26, ətək 15-18 manat arası dəyişir. Ayaqqabıların qiyməti isə 25 manatdan 35 manata qədər dəyişir. 
Məsələylə bağlı yarmarkalara üz tutan valideynlərlə də söhbətləşdik. Məlum oldu ki, onlar da çalışırlar harda nə ucuzdursa, ordan alsınlar. Bu il övladının birinci sinifə getdiyini deyən Zöhrə xanım dəftər və qələmlərin qiymətindən yox, kitab və məktəbli geyimlərinin baha olmasında gileyləndi:
 
“Yarmarkaları bir-bir gəzirik və harda nə ucuz olsa, ordan alırıq. Dəftər, qələm, və digər əşyalar o qədər də baha olmur. Əsas çanta, kitab və məktəbli geyimlərinə pul çox xərclənir. Biz də məcburuq ki, pulumuza qənaət edək”.
Ümumilikdə isə bir uşağın məktəbə getməsi üçün məktəbli geyimi, kitab və digər ləvazimatlarının alınmasına 200-300 manat arası vəsait xərclənir. 
 
Xatırladaq ki, Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov mətbuata açıqlamasında məktəbli formasının qiymətlərində heç bir artımın nəzərdə tutulmadığını bildirmişdi. Qurum rəsmisinin sözlərinə görə Bakı Tikiş Evində ibtidai siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40, yuxarı ölçülər isə 46, 26-54 ölçülü bütün köynəklərin qiyməti 8, məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Məlumatda həmçinin tikilən köynəklərin istifadəsi üçün Türkiyədən pambıq parçalarının gətirildiyini bildirilirdi