Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 16:25:00
“Birincilər məktəbə getməzdən əvvəl həyəcandan bu xəstəliklərlə üzləşə bilərlər” -Psixoloqlardan  SOS siqnalı 

Uşaqlarda məktəb qorxusu əsasən, qarşılıqlı  bağlılıq, ana-uşaq əlaqəsinin ifratlığından   qaynaqlanır.  İlk  dəfə  uşağın ailəsinin yanından  ayrılacağı, çox sevdiyi oyunlardan uzaqlaşacağı  və tanımadığı   bir  çox  insanın  olduğu   mühitdə  tək başına qalacağını düşündükdə əslində qorxmaqda haqlıdır. 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülnar Səttarova deyib.  Onun sözlərinə görə,    uşağın məktəbə getməsi mövzusunda  ailələr tutarlı şəkildə davranmalıdır:  

“Uşaqlar məktəbə  gedəcəyi gün  anidən başlayan  sıxıntı içində oyanar. Onlarda mədə bulantısı, qusma, iştahsızlıq,  baş ağrısı, qarın ağrısı kimi müxtəlif  fizioloji əlamətlər özünü göstərməyə  başlayar.  Bu cür  qorxu  göstərən uşaq   valideynlərinə  çox bağlıdır.    Bütün bu kimi  səbəblərə görə  məktəb qorxusu və ya məktəb  fobiyası  olan bir uşağın   bu vəziyyətdən  tək başına  çıxması bir az çətin ola bilər.  Bu cür qorxuları  aradan qaldırmaq  və bu işdə   uşağa dəstək olmaq  ailələrin, sinif müəllimlərinin üzərinə  düşən böyük  məsuliyyətdən də aslıdır.   Məktəb qorxusu əsasən qarşılıqlı  bağımlılıq, normadan artıq ana-uşaq əlaqəsinin varlığından  qaynaqlanır. Uşağın evdə qalma müddəti  artdıqca, məktəbə geri dönməsi  də o qədər çətinləşir”. 

Psixoloq açıqlamasında bildirib ki,  məktəb başlamadan  öncə valideynlər uşağı məktəb və müəllimlə  tanış etməli, sırasını gözləmə  vərdişini öyrətməlidir: 

“Valideynlər uşaqlara   məktəb qaydaları və sinifdaxili davranışlar, sinif yoldaşları , dostları ilə münasibətlər haqqında təlimatlandıraraq , məktəbi  sevdirməli, müəllimlə və məktəblə bağlı doğru olmayan məlumatlar verməməlidir. Onlar  məktəb alış-verişinə  uşaqla  birlikdə  çıxmalı və alınan  əşyaların necə istifadə olunacağını öyrətməlidir.  İlk günlərdə uşağın  sevdiyi bir oyuncağını özü ilə  birgə məktəbə aparmasına icazə  verilə bilər.  Götürəcəyi oyuncaq  evinin simvoludur və özünü rahat hiss etməsini  təmin edir.  Uşağın  ilk günlərdə məktəbin bağçasına  sonra məktəbin içinə , daha sonra sinfə girməsi, əvvəlcə bir saat , sonra yarım gün, sonra tam gün məktəbə  getməsi təmin olunmalıdır. Beləliklə  uşaq addım-addım məktəb qorxusunun yox olmasına  nail olacaqdır. Sinif  müəlliməsi  şagirdi  sinif daxili çalışmalara qatılmağa məcbur etməməli, başlanğıcda daha asan  öhdəsindən gələ biləcək tapşırıqları  icra etdirməlidir.  Uşaqların qayğıları  anlayışla   qarşılanaraq , onların məktəbdə özünü tərk edilmiş   və yalnız  hiss etməsinə   şərait yaradacaq   davranışlar  göstərilməməlidir”.   

Psixoloq Fərqanə Mehmanqızı açıqlamasında bildirib ki,  uşaqlarda məktəb fobiyasının yaranması səbəblərinin  biri də valideynlərin  onları məktəblə hədələyərək qorxutmağıdır: 

“Valideynlər uşaqlara    “dayan indi məktəb  başlayır”,  “sentyabr gəlir”, “dərs başlayır”, “o zaman sən baxarsan” kimi ifadələr işlədərək onları qorxudurlar. Yəni valideynlər uşaqlarına ittiham və hədələrlə söyləyirlər ki, məktəbə gedərsən  orada düzələrsən. Valideynlərin şagirdlərə ittihamı  hədə qorxusu səbəbindən uşaqlarda  “məktəbə gedəcəm düzələcəm”, “mənim vəziyyətim  başqa cür olacaq” və s. kimi fikirlər  formalaşır.  Beləliklə,  bu kimi göstəricilər ilə şagirdlərdə məktəbə qarşı kin və qorxu yaranır.  İlk olaraq  uşağın məktəbə getməsi mövzusunda  ailələr tutarlı şəkildə davranmalıdırlar. Çox zaman  birinci sinif şagirdləri  sırada dayandığı  zaman atasına və ya anasına baxaraq özgüvənsizlik, zəiflik göstərir.  Valideyn isə  göz qaş hərəkətləri ilə və ya ciddi şəkildə onları tənbeh edərək  qabağa bax, dik dur  və s. kimi sözlərlə tənbeh edirlər. Valideynlər anlamırlar ki, bu kimi hərəkət, sözlərlə  uşaqlarına məktəb fobiyası və özgüvənsizlik  bəxş edirlər.Buna görə də uşağı məktəblə qorxutmaq olmaz. Hər bir valideyn bunu etməsə də amma  hər kəs ətrafından buna şahid ola bilər”. 

Psixoloqun sözlərinə görə, məktəb haqqında heç bir anlayışı olmayan uşağı məktəblə hədələmək düzgün deyil: 

 “Məktəbə tərbiyə verən müəssisə kimi  yanaşmaq düzgün deyil. Məktəb təlim və  tədris yeridir, ora  tərbiyə ocağı deyil. Məktəbdə insan tərbiyə olunmur, orada  təhsil və   təlim alır. Valideynlər  bunu bir az qarışdırırlar və uşaqda tərbiyəsi ilə bağlı   neqativ nüans gördükdə  bunu  məktəblə bağlayırlar. Bu da uşaqların məktəbə olan  qorxusunu  daha da artırır və  onlar düşünürlər ki, məni   bu formada  məktəb edib.  Uşaqların tərbiyəsi ilə şəxsiyyət formalaşmasında məktəbi  günahlandırmaq düzgün deyil”.

Günel YAŞARQIZI