
AzEdu.az məlumat verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsində məktəblilərin dərsdən yayınıb əzadarlıq məclislərinə cəlb edilməsinə münasibət bildirib.
Komitə sədrinin müavini bildirib ki, bəzi bölgələrdə azyaşlı və məktəblilərin valideynləri tərəfindən dini mərasimlərə gətirildiyinin şahidi oluruq. Bu hallar Məhərrəmlik və xüsusilə Aşura məclislərində də baş verir. Körpələrin, azyaşlı uşaqların əzadarlıq məclislərinə gətirilməsi həmin uşaqların səhhətinə, psixologiyasına mənfi təsirsiz ötüşmür.
Burada da mütləq qanunların tələblərinə riayət etmək vacibdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Bəzən bu tələblərə etiraz edilir və aqressiv münasibət göstərilir. Halbuki gündəlik həyatımıza nəzər salsaq, valideynlər demək olar ki, heç vaxt öz uşaqlarını yas məclislərinə aparmırlar və belə mərasimlərin azyaşlılar üçün uyğun olmadığını, onların psixologiyasına, səhhətinə ziyan vurduğunu hesab edirlər. Həmin məntiqdən yola çıxsaq, azyaşlıların ağlaşmanın, hətta zəncirvurma və qançıxarma kimi hərəkətlərin edildiyi dini əzadarlıq məclislərinə gətirilməsinin də uyğun olmadığını əminliklə söyləyə bilərik.
Bundan başqa, "Təhsil haqqında" qanunun tələblərinə əməl etmək zəruridir. Belə ki, məktəblilərin təhsildən yayınaraq Aşura məclislərinə gəlməsi təkcə onların davamiyyətinə mane olmur, həm də dərsdən yayınması ilə nəticələnir. Bir çox hallarda bu, valideynlərin günahı və nəzarətsizliyi ucbatından baş verir. Məktəblilərin dərsdən yayınıb əzadarlıq məclislərinə cəlb edilməsi nə qədər doğrudur? Axı İslamın elmə, biliyə necə böyük qiymət verdiyini, hər kəsi elm öyrənməyə çağırdığını, İslamda alimin mürəkkəbinin şəhidin qanından üstün tutulduğunu yaxşı bilirik.
Onu da diqqətinizə çatdırım ki, islami dəyərlərin təbliği, insanlarımızın dinimizi düzgün öyrənməsi, mənəvi dəyərlərimizə sahib çıxması çox vacibdir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, dinimiz mill-mənəvi sərvətimizdir. Biz bu sərvəti qoruyub gələcək nəsillərə sağlam çatdırmaq üçün əlimizdən gələni etməliyik. Lakin yaxşı olardı ki, uşaqlar və məktəblilər artıq həddi-büluğa çatdıqdan, dünyagörüşü formalaşdıqdan, hər şeyin əsl mahiyyətini başa düşdükdən sonra bu cür mərasimlərə gəlsinlər, iştirak etsinlər və əzadarlıq saxlasınlar.