_519.jpg)
“Heç bir problemi olmayan uşaqlar da yeni dərs ili başlamadan öncə oftolmoloqun müayinəsindən keçməlidirlər”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, son vaxtlar uşaqlarda görmə problemləri artmaqda davam edir:
“Artımın baş vermə səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri bu gün mövcud olan texnoloji yeniliklərdir. Yeni dərs ilinin başlanmasına lap az qalıb. Əgər uşağınızın görmə qabiliyyətindən şübhələnirsinizsə, mütləq oftalmoloqa müraciət edin. Çünki bir azdan dərslə bağlı gözə düşən yük daha da artacaq.
Əslində, heç bir problemi olmayan uşaqlar da məktəb qabağı oftalmoloqun müayinəsindən keçməlidir. Evdə oturub "kimə müraciət edəsən?" şübhəsi ilə yaşamaqdansa, həkimə müraciət etmək lazımdır. Uşaq poliklinikalarında, Göz İnstitutunda, iri özəl klinikalarda peşəkar oftalmoloqlar çalışır. Problem vaxtında aşkar olunarsa, qarşısı da tez alınar”.
Valideynlərin evdə müalicə üsullarından danışan Vaqif Qarayev bildirib ki, həkim nəzarəti olmadan uşağı kor-koranə müalicə etmək düzgün deyil:
“Hər qripdən və ya soyuqdəymədən ötrü antibiotikdən istifadə etmək olmaz. Antibiotiki ancaq həkim təyin etməlidir. Uşağın boğazını silmək qadağandır. İndi kifayət qədər spreylər var və onlardan istifadə eləmək lazımdır. Təkrar çirk yaranmaması üçün həkiminiz müdaxilə etməlidir”.
Xatırladaq ki, sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən yeni dərs ili 17 sentyabrdan etibarən start götürəcək.
Günel YAŞARQIZI