_223.jpg)
On iki dövlət orqanında mövcud olan 33 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Sentyabrın 29-da elan olunmuş daxili müsahibələrin keçirilmə qrafikini müəyyən edilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 57 namizədlə 60 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin Aparatı, Əmək qanunvericiliyinin pozulmasına nəzarət və yoxlamalar şöbəsi, Əmək hüquqpozmalarına nəzarət sektoru, məsləhətçi - əmək müfəttişi (1 vakant yer üzrə 7 namizəd) üzrə yaranıb.
Müsahibələrin noyabrın 1-dən 23-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabinet”inin nömrəsini seçərək açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.