Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-27 11:12:12
Nadir İsrafilov: “Əgər, ali təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutmuşuqsa...”

 

 “Təhsilin əlçatanlığı təkcə hansısa bir qrup məzunun keçid balını toplayıb ali məktəbə qəbul olması ilə ölçülmür”.

 

 

Açığını desəm, bir müddət öncə Nazirliyin Aparat rəhbəri müavininin “Azərbaycan Universitetlərinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin. Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var. Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır” açıqlaması reallığa əsaslansa da, məndə müəyyən məqamlara aydınlıq gətirmək hissi oyatdı. Yəni, əgər “bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır”sa onda kollegiya belə bir qərarı çıxararkən hansı normativlərə və ya mülahizələrə əsaslanıb? Yox, əgər universitetlər kollegiya qərarına etinasız yanaşacaqdılrsa onda məsələni müzakirəyə çıxarıb kollegial qərar çıxarmağa nə ehtiyac var idi?

 

 

O ki, qaldı “Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta, bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək” yanaşmasına, bir halda ki, Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi gedir və universitetlərdə çoxlu tənzimlənməyən məsələlərin olduğu dilə gətirilir, ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problem qaldırılır, elə isə nəyə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının ödənilməsi Qaydaları”na  təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı konkret maddə əlavə edilməsi barədə təklif irəli sürülmür?

 

Bu məsələ nə bu günün nə də dünənin məsələsi olmayıb hər universitetdə fərqli şəkildə tətbiq olunur. Hansısa universitetdə ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər. Hansındasa, universitetdə tələbə təhsil haqqını ödəməli və ödənişini təsdiq edən sənədi birinci semestr üzrə 10 sentyabr tarixinədək, ikinci semester üzrə isə 15 yanvar tarixinədək təqdim etməlidir. Başqa bir universitetdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər. Digər bir universitetdə yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidir. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər.  Bununla belə universitetlərinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin.

 

Məlumdur ki, mövcud qaydalara əsasən Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Yəni, birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar; digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. Lakin baxaq görək dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilən bu kreditlər qaydalarda olan məhdudlayıcı şərtləri də nəzərə alsaq  bütün tələbələrin problemini həlle dəcəkmi?

 

Bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu halda əlçatanlığı təkcə kiminsə bal toplayıb ali məktəbə qəbul olması ilə ölçməməliyik. Burada əsas məsələ maddi problemi olan şəxslər üçün də təhsili əlçatan etməkdir. İldən-ilə minlərlə tələbə yüksək balla ali mətəbə qəbul olunduğu halda, maddi problem səbəbilə tələbə adını qazanmaqdan imtina edir. Həmçinin oxuyanlar arasında da tələbələr var ki, maddi vəziyyətlə əlaqədar təhsillərini yarımçıq qoyurlar.  

 

Universitetlərin də vəziyyəti nə qədər başa düşülən olsa da onlar üçün təhsil alanın maraqları digər maraqları üstələməməlidir. Təkcə, bu il qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2 355 nəfərin elektron qaydada müraciətlərini təsdiq etməmələri təhsil haqqını birdəfəyə ödənilməsini tələb edən  universitetlər üçün ciddi siqnal olmalıdır. Həmin universitetlər nəzərə almalıdırlar ki, bir az da belə davam etsələr tələbəsiz qala bilərlər.