
Azərbaycan Texniki Universitetində (AzTU) "Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polatın iştirakı ilə "TEKNOFEST-2023" festivalı ilə bağlı infosessiya keçirilib.
AzEdu.az xəbər verir ki, AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli universitetin tələbələrinin "TEKNOFEST"də iştiraka xüsusi önəm verdiyini deyib. Bu ilin mayında ölkəmizdə keçirilən "TEKNOFEST Azərbaycan" festivalına universitetin 20 komandasının qatıldığını deyən prorektor onlardan 6-nın finala yüksəldiyini və 2-nin qalib olduğunu bildirib. Nurəli Yusifbəyli AzTU tələbələrini növbəti "TEKNOFEST" festivallarında da həvəslə iştirak etməyə dəvət edib.
Daha sonra "Bilim Bakı" mərkəzinin rəhbəri Yusuf Polat çıxış edib. O, tələbələrə "TEKNOFEST-2023" haqqında ətraflı məlumat verib, həmçinin gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, bu il Türkiyənin İstanbul, İzmir və Ankara şəhərlərində keçiriləcək "TEKNOFEST-2023" festivalına qeydiyyat noyabrın 20-də yekunlaşacaq.