
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərə start verilib. İlk dərs Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının lektoriya zalında təşkil olunub.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki, öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov isə “Zəfər: ərazi bütövlüyümüz və milli qürurumuzun bərpası” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Müdir müavini bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.