
Dekabrın 14-də Bakı şəhəri 201 nömrəli tam orta məktəbin rəhbərliyi və X-XI sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
AzEdu.az məktəb rəhbərliyi və şagirdlər əvvəlcə ADNSU-nun Mineralogiya muzeyini ziyarət edib burada saxlanılan müxtəlif növ eksponatlarla tanış olublar. Muzeyin direktoru dos. Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ziyarətçilərə ətraflı məlumat verib. Sonra qonaqlar universitetin tarix muzeyində olub, neft tarixinə və universitetə aid eksponatlarla tanış olublar.
Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev məktəblilərə universitetin tarixi, müxtəlif dövrlərdə fəaliyyəti, fəxri məzunları və s. haqqında ətraflı məlumat verib. Şagirdlər həmçinin ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) laboratoriyaları, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi və Azİİ e-Kitab Evində olub, ADNSU-nun şəhid olmuş məzunlarının xatirəsinə həsr olunmuş abidəni və Milli Qəhrəman Mübariz İbrahimovun abidəsini ziyarət ediblər.
Ekskursiyadan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı məktəb rəhbərliyi və şagirdlərlə görüşüb. Qonaqları universitetdə salamladıqdan sonra rektor, professor M.Babanlı onlara universitetdəki tədris prosesi, ixtisaslar, tələbə həyatı, elmi nailiyyətlər, ictimai fəaliyyət, həmçinin universitetdə mövcud İT kursları, şirkətlərlə əlaqələr və beynəlxalq əməkdaşlıq haqqında ətraflı məlumat verib.
Səmimi qarşılanma və ekskurisyaya görə rəhbərliyə təşəkkürünü bildirən 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva ADNSU-da yaradılan tədris mühitini yüksək qiymətləndirib və universitetdə olmaqdan məmnun olduqlarını bildirib.
Sonda xatirə hədiyyələri təqdim edilib.