Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 11:34:00
“Tələbə yataqxanaları tikilsə kirayə mənzillər ucuzlaşar”- Ekspertlərin rəyi
Hər il olduğu kimi bu il də avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti yüksəlib. Mütəxəssislər bunun səbəbini yeni dərs ili və iş mövsümünün başlaması, insanların kirayə evlərə olan tələbatının artması ilə əlaqələndirirlər. Lakin ildən-ilə kirayələrin aylıq qiymətlərinin bahalaşması artıq fantastik rəqəmlərin ortaya çıxmasına səbəb olur. Açıqlanan statistik məlumatlara görə, təkcə sentyabr ayında mənzil kirayəsi 3,98 faiz bahalaşıb. Hazırda 1 otaqlı normal təmirli mənzillər aylıq 250-300 manatdan, iki otaqlı evlər 350-400 manatdan, üç otaqlı kirayələr isə 450-500 manatdan ucuz deyil. Şəhərin mərkəzi hissələrində və yaxşı təmirli evlərdə qiymətlər daha yüksəkdir.
 
Bahalaşmanın səbəblərini izah edən “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib ki, azad bazar münasibətləri olduğuna görə, bu sahə özü-özünü tənzimləməlidir:
 
“Tələb və təklif balansı qorunarsa, qiymətlər münasib ola bilər. Universitetlər tələbələrin sayını nəzərə alıb, onlar üçün şəhərciklər salsa, yataqxanalar tiksə, bu, kirayə bazarına tələbatı azaldar, mənzillərin kirayə qiymətləri ucuzlaşar”.
 
İqtisadçı, ekspert Nazim Bəydəmirli isə hesab edir ki, kirayə mənzil bazarında tələbin artmasının əsas iştirakçıları tələbələrdir. Ekspertin fikrincə, ali məktəblər öz vəsaitləri hesabına yataqxanalar tikməli, tələbələrə ucuz qiymətə kirayə verməlidirlər:
 
“Bu yataqxanaların qiyməti təhsil haqqından ucuz olmalıdır. Təcrübə göstərir ki, kampuslar olan universitetlər daha rəqabətə dözümlü, öz aktiv fəaliyyəti ilə seçilən olurlar.
 
Bakıda ən azı 300 min ailə kirayədə yaşayır. Tək tələbələr deyil, ailələr də yeni iş mövsümündə kirayə axtarırlar. 2009-cu ildə mənzil məcəlləsi qəbul olunan zaman təklif edilirdi ki, dövlət sifarişçi olaraq, sosial mənzillər tiksin. Amma bu mənzillər heç vaxt özəlləşdirilməsin.
 
Çünki kirayə verilən evlərin əksəriyyətində sanitar, epidemioloji vəziyyət pis olur, həm də gəlirlərdən vergi ödənilmir. Sosial mənzillərin aşağı qiymətə kirayə verilməsi ilə bir neçə problemi həll edə bilərdik. Təəssüf ki, sosial mənzillər məsələsini kommersiya vasitəsinə çevrildi. Dövlətin sifarişi ilə tikilən mənzillər, adı sosial ev olsa da, əhaliyə satılır. Bu adi qaydada, dövlətin vəsaiti ilə biznes fəaliyyətini həyata keçirmək deməkdir. Hesab edirəm ki, sosial mənzillər satılmamalı, dövlət mülkiyyətində qalaraq, kirayə verilməlidir. Hələlik bu məsələ həll edilməmiş qalır”.
 
N.Bəydəmirli söyləyib ki, mövcud vəziyyət davam etdikcə, bu sahədə ildən-ilə ən azı 20 faiz artım olacaq, kirayə mənzillər getdikcə bahalaşacaq:
 
“Sosial ev adı ilə kommersiya fəaliyyəti həyata keçirərək mənzil problemini həll etmək mümkün deyil. Hökumət düşünməli, tikinti şirkətləri üçün uzunmüddətli resursları təmin edərək, normal binalar tikib, vətəndaşlara münasib qiymətə kirayə təklif etməlidir”. (“Sherg.az”)