
Dekabrın 21-də sosial baxımdan həssas ailələrdən olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibləri ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin sədr müavini Adil Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müsabiqə qalibləri iştirak ediblər.
Görüşdə çıxış edənlər qalibləri təbrik edərək ölkədə bütün istiqamətlərdə aparılan islahatlara savadlı kadrların fəal şəkildə cəlb edilməsinin vacibliyini, eləcə də gənclərin yeni çağırışlara cavab verən ölkə siyasətinə yaxından qoşulmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətində gənclərin savadlı yetişməsi, təhsilin əlçatanlığının artırılması əsas prioritetlərdəndir və dövlət başçısının təşəbbüsü ilə bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilir.
Görüş zamanı qalib gənclərlə bağlı infoqrafik videolar nümayiş etdirilib və onlarla müqavilələr imzalanıb.
Qeyd edək ki, 2022-ci ildə keçirilən müsabiqəyə əsasən 431 gəncin təhsil xərcləri Gənclər Fondu tərəfindən qarşılanacaq.