Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 15:00:00
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu bölgələrdə müəllimlər üçün seminarlar keçirir

Cəlilabad rayonunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən “Refleksiv müəllim” layihəsi çərçivəsində seminar keçirilib.

TİPİİ-dən AzEdu.az-a bildirilib ki, Cəlilabad rayonu 2 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə bir qrup ibtidai sinif müəllimləri iştirak edib.

Seminarın keçirilməsinin əsas məqsədi dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək göstərmək olub.

Tədbirdə TİPİİ-nin direktoru Vəfa Yaqublu “Refleksiv müəllim” layihəsinin məqsədi, qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.

Daha sonra Cəlilabad rayon 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Hümmətlinin Azərbaycan dili dərsi üçün hazırladığı “Danışıq səsləri” mövzusunda dərs icmalı dinlənilib.

Sonra dərs icmalı ilə bağlı müzakirələr aparılıb, təklif və iradlar səsləndirilib. Müzakirələr “Şagirdlərə verilən tapşırıqlar necə olmalıdır? Müəllimlər həmin tapşırıqları yoxlayarkən hansı üsullardan istifadə etməlidirlər?” sualları ətrafında davam etdirilib.