Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 23:09:00
Azərbaycanda ərəb dilinin tədrisi vəziyyəti müzakirə edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə “Azərbaycanda ərəb dilinin tədrisi: mövcud vəziyyət və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib. İnstitutdan AzEdu.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

 

Filoloqlar Azərbaycanda ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, dərs vəsaiti problemi, ərəb dilinin öyrənilməsində tətbiq edilən vəsaitlərin dövrə uyğunlaşdırılması, müasir ərəb dilinin tədrisi metodları, gənclərin ərəb dilinin öyrənilməsinə həvəsləndirilməsi ilə bağlı bir sıra təkliflər səsləndiriblər. Ərəb dilinin tədrisində dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənməyin zəruri olduğunu söyləyən filoloqların fikrincə, Aİİ-də ərəb dilinin mükəmməl səviyyədə tədrisi İslam dininin dərindən öyrənilməsi, qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.

 

Müzakirədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının böyük uzaqgörənliklə vaxtında verilmiş qərar olduğu qeyd edilib.

 

Aİİ-nin ilk tədris ilinə islamşünaslıq və dinşünaslıq ixtisasları ilə başladığını bildirən institut müəllimləri qeyd ediblər ki, ərəb ölkələri tarixinin, coğrafiyasının, mədəniyyətinin tədrisi ilə birgə ərəb dilinin mükəmməl öyrədilməsi qarşıya qoyulan məqsədlərdəndir. Bunun üçün tələbələrə tədris olunacaq fənlərlə yanaşı, auditoriyada zamanın məhdudluğunu nəzərə alaraq ərəb dili üzrə bir sıra kursların təşkil ediləcəyi bildirilib. Bu sahədə, Aİİ ilə Misir universitetləri arasında təcrübə mübadiləsinin səmərəli nəticə verə biləcəyi vurğulanıb, əməkdaşlığın perspektivləri diqqətə çatdırılıb.

 

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Aİİ-də ərəb dili kurslarının təşkilinə yaxından kömək edə biləcəyini, həmçinin institut tələbələri üçün mərkəzdə dil kurslarının keçirilməsinə şərait yaradılacağını vurğulayıb. Mərkəzin rəhbəri ərəb dilinin tədrisi ilə bağlı Aİİ-ni müvafiq ədəbiyyatla təmin etmək imkanlarını da nəzərə çatdırıb.