Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 09:30:00
Yeni tədris ilində Elmi Şuranın ilk iclası keçirildi

ADPU-nun İbtidai təhsil fakültəsinin ilk Elmi Şurası keçirilib.

AzEdu.az xəbər verir ki, 12 sentyabr 2018-ci ildə İbtidai təhsil fakültəsinin genişləndirilmiş Elmi Şurası keçirilib. Tədbirdə Elmi Şuranın üzvləri ilə yanaşı, fakültədə dərs deyən bütün müəllimlər iştirak edib. Elmi Şuranı fakültə dekanı, əməkdar elm xadimi, professor Fərrux Rüstəmov açaraq  2017/2018-ci tədris ilinin II yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış edib:

“Fakültənin elmi-pedaqoji və tədris həyatında xeyli nailiyyətlər əldə edilib, imtahan sessiyasının və yekun Dövlət Attestasiyasının nəticələri sevindiricidir. Keçən illə müqayisədə həm müvəffəqiyyət, həm də keyfiyyət faizi xeyli yüksəlib. Fakültəyə bu ilki tələbə qəbulunun nəticələri olduqca sevindirici olub, plan yeri dolub. Qəbul olunan 296 tələbənin 129 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu nəticə respublika mətbuatında və televiziyasında inqilabi nəticə kimi dəyərləndirilib”.

Fakültədə nizam-intizam məsələsinə toxunan professor F.Rüstəmov keçən il ərzində dərs əvəzləmələri və boş keçən dərslər haqqında məlumat verib. Yeni tədris ilində belə hallara yol verməməyi tələb edib. Bu məsələ iə bağlı Elmi Şuraya dəvət olunan ADPU-nun hüquqşünası Zakir Nağıyev ətraflı danışıb, əməkdaşların verdiyi sualları cavablandırıb. Elmi Şurada “İbtidai təhsilin pedaqogikası və metodikası” kafedrasının müdiri dos. Yaqut Rzayeva, “Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası” kafedrasının müdiri dos. Samirə Tağıyeva çıxış edərək kafedra əməkdaşlarının elmi-pedaqoji fəaliyyəti haqqında ətraflı məlumat verib. Cari məsələlərin müzakirəsindən sonra fakültə dekanı prof. Fərrux Rüstəmov Elmi Şuranın işinə yekun vurub.

Elşən Ramizoğlu