
AMEA-nın Folklor İnstitutu yanvarın 24-də professor Kamran Məmmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Şifahi və yazılı ədəbiyyatımızın görkəmli tədqiqatçısı” mövzusunda elmi konfrans keçirəcək.
AzEdu.az xəbər verir ki, konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini yanvarın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə yanvarın 17-də elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək. Konfrans materialları kitabının elektron variantı tərtib olunacaq.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixinin bir çox problemlərinin tədqiqində, xüsusilə XIX-XX əsrlər ədəbiyyatının öyrənilməsində Kamran Məmmədovun xidmətləri əvəzsizdir. O, “Əbdürrəhim bəy Haqverdiyev”, “Qasım bəy Zakir”, “Nəcəf bəy Vəzirov”, “Yusif Vəzir Çəmənzəminli”, “XIX əsr Azərbaycan şeirində satira”, “XX əsr Azərbaycan gülüşü” monoqrafiyalarının və iki yüzdən artıq elmi, publisistik məqalənin müəllifidir. Kamran Məmmədov həm də üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kimi fundamental tədqiqatın müəlliflərindən biridir. Onun əsərləri arxiv sənədlərinin zənginliyi, elmiliyi və müasirliyi ilə seçilir.
Kamran Məmmədov bədii yaradıcılıqla da ardıcıl məşğul olub və oxuculara “Kamran Dadaşoğlu” imzası ilə tanınıb. “Ömrün izi”, “Dünyamız uşaq gözündə” adlı hekayələr kitabı və iki hissədən ibarət “Yuxusuz illər” xatirə povesti onun bədii fəaliyyətinin nümunələridir. Müəllifin “Görkəmli yazıçıların həyatından dəqiqələr” kitabı da oxucular tərəfindən maraqla qarşılanıb.