Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 14:13:00
Universitetlərdə imtahan tarixləri kəskin hava səbəbindən  dəyişdirilə bilər?-“Onlayn formada  keçirilməlidir”

 

“Universitetlərdə imtahan vaxtlarının dəyişdirilməsi sessiya müddətinin uzaldılmasına və yaxud da toqquşmasına gətirə bilər”.

 

 

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda və digər bölgələrdə nəqliyyatın hərəkətində məhdudiyyətlər var. Bu səbəbdən ali təhsil müəssisələrində  keçirilən qış imtahan sessiyasında tələbələrin tam iştirakı bəzi hallarda mümkün olmur. Belə olduğu halda  semestr imtahanları zamanı tələbələrə hansı güzəştlər edilə bilər? Tələbələrin yol-nəqliyyat problemini nəzərə alaraq imtahanların başlanma saatları və  tarixlərinin dəyişdirilməsi mümkündürmü?

 

 

Mövzu ilə bağlı fikirlərini təhsil eksperti Kamran Əsədov AzEdu.az-la bölüşüb:

 

 

“Müvafiq qurumlar  hətta 1 həftə öncə məlumat vermişdi ki, Bakı və bölgələrdə qarlı hava şəraiti olacaq, nəqliyyatın hərəkətində, eyni zamanda digər kommunikasiya vasitələrində problem yaşanacaq. Yəni,  biz bilirdik ki, hətta Amerikada belə qar yağırsa, nəqliyyatın hərəkətində, insanların vaxtında iş yerinə, dərsə çatmasında problemlər olur. Hazırda bölgələrdə və Bakıda nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı hədsiz dərəcədə çoxdur. Yəni, insanların həyatı üçün bu hava şəraiti təhlükəlidir və bilirik ki, tələbələrin nəqliyyatda təhlükəsizliyi bir o qədərdə təmin olunmayib”.

 

K.Əsədov mövcud hava şəraitində  tələbələrin imtahan prosesində iştirakının qeyri-mümkün olduğunu bildirdi:

 

“Hazırki vəziyyət təkcə ali məktəblərə aid deyil. Bilirik ki, hazırda Azərbaycanda ali və orta ixtisas  müəssisələrində qış imtahan sessiyasıdır. 4432 orta ümumi təhsil müəssisəmizdə ümumilikdə 1.6 milyon şagird məktəblərə getməlidir. Hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə imtahana cəlb olunub. Qaydalara əsasən, semestr imtahanları saat 10:00-da başlayır. Lakin mövcud vəziyyətdə tələbələrin hamısının imtahanlarda iştirakını təmin etmək mümkün deyil.

 

Hətta Bakı Nəqliyyat Agentliyi və daşımanı həyata keçirən digər qurumlar nəqliyyatla bağlı problem olduğunu, vaxtında daşınmaların mümkün olmadığını bildirirlər. Gün ərzində Bakı Metropolitenindən 450 min  sərnişin istifadə edir ki,bunun da böyük  əksəriyyəti isə tələbələr yox, digər hərəkət iştirakçılarıdır. Bu halda tələbələrin hər birinin vaxtında imtahana çatması mümkün deyil”.

 

Ekspert imtahan sessiyasının online rejimə keçirilməsinin doğru olacağını bildirib:

 

“2020-ci ilin martında pandemiya  səbəbiylə dərslərin, imtahanların online rejimdə həyata keçirilməsi təcrübəsini yaşamışıq. Bir həftə bundan əvvəldən  məlum idi ki, hava şəraiti  normal olmayacaq. Bu da imtahanların tam heyətlə keçirilməsinə imkan verməyəcək.

 

Nazirlər Kabinetinin qərarına əsasən ali təhsil müəssisələrində semestr imtahanlarının təşkili  universitetlərin öhdəliyinə verilib. Ali təhsil müəssisələri və Orta ixtisas təhsil müəssisələri fövqəladə vəziyyətlə bağlı özləri  qərar qəbul etməlidir.

 

Belə hallarda isə dərslər, imtahanlar online rejimə keçməlidir. Biz artıq proqram təminatı ilə tam əhatə olunmuşuq; müəllim və tələbələrimizin proqramdan istifadə bacarıqları kifayət qədər var”.

 

K.Əsədov imtahan tarixlərinin dəyişdirilməsinin effektli olmadığını bildirib:

 

“İmtahanların keçirilmə vaxtının dəyişdirilməsi bir çox hallarda effektiv olmur.  Hesab edirəm ki, tələbələrin imtahana  ev şəraitində qoşulması üçün normal şərait var. İstər Microsoft Teams,  istər Blackboard proqramı, istərsə də Zoom, Skype  və digər proqramlar vasitəsi ilə  imtahana qoşulmaq mümkündür”.

 

 

 

Ekspertin fikrincə, hava şəraiti normallaşana qədər imtahan sessiyasi eləcə də orta məktəblərdə tədrisin də təşkili  online rejimə keçməlidir:

 

 

“Hesab edirəm ki, hava şəraiti normallaşana qədər imtahan sessiyasi ilə yanaşı, orta məktəblərdə tədrisin təşkili  online rejimə keçməlidir.

 

Bu, həm təhsilin, həm imtahanların əl çatanlığını təmin eləmək üçün yeganə vasitədir. İmtahan vaxtlarının dəyişdirilməsi sessiyanın uzadılmasına və yaxud da toqquşmasına gətirə bilər. Yəni,  bir imtahan vaxtının dəyişdirilməsi universitetlərin, kolleclərin fəaliyyətini müəyyən qədər iflic edə bilər. Amma hesab edirəm ki, online rejimdə bu prosesi həyata keçirməklə problemin həlli mümkündür,”- deyə ekspert bildirib.

 

İlahə İlyas