
"Obyektiv səbəb olmadan tələbələrin transferini məsləhət görmürəm. Əgər tələbə transferi həyata keçiriləcəksə, bu, daha keyfiyyətli bir təhsil üçün nəzərdə tutulmalıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında ali təhsil məsələləri üzrə ekspert, Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov deyib.
Ekspert tələbə köçürülmələrinin səbəblərini vurğulayıb:
"Təbii ki, tələbə transferi tələbələr üçün bir imkandır və buna müxtəlif səbəblərdən müraciət olunur. Xaricdə oxuyan bir qism tələbələrimiz təhsillərini müxtəlif səbəblərdən davam etdirə bilmədikləri üçün ölkədəki universitetlərə transfer olmaq istəyirlər.
Bu, təhsilalanın ailə vəziyyəti, sağlamlıq durumu və s. səbəbilə də əlaqəli ola bilir. Azərbaycan Respublikası Təhsil İnstitutunun tədqiqatları da onu göstərir ki, tələbə köçürülmələri təhsil proqramının, universitetlərdəki dərslərin çətinliyi üzündən həyata keçirilir".
E.Süleymanov tələbələrin daha asan məzun ola biləcəkləri universitetə keçmək istədiklərini bildirdi:
"Transfer edən tələbələr oxuduqları universitetlərdə təhsilin, pedaqoji heyətin keyfiyyəti ilə əlaqəli bir problem bildirmirlər. Onlar tədris prosesi zamanı daha az çətinlik çəkəcəkləri və nisbətən asan məzun ola biləcəkləri universitetə keçməyə çalışırlar.
Bəzən, keçid balı yüksək olan qrupda təhsil almaq, aşağı qəbul göstəricili ixtisaslarda təhsil almaqdan daha çətin ola bilər.
Bundan əlavə, bəzən, universitetlərdə təhsilin keyfiyyəti imtahanlara da təsirini göstərir".
Prorektorun sözlərinə görə, prosesin mərkəzləşməsi və qaydalar çərçivəsində olması neqativ halları da minimuma endirir:
“Tələbə köçürülmələri əvvəlki illərdə iki dəfə aparılırdı. Amma hazırda bu proses ildə bir dəfə gerçəkləşəcək. Prosesin mərkəzləşməsi və qaydalar çərçivəsində olması neqativ halları da minimuma endirir. Transfer tələbənin hüququdur və ondan yararlanması təbiidir. Sadəcə tələbələr köçürülmələri üçün obyektiv səbəblərin olmasına diqqət etməlidirlər. Çünki transfer daha yaxşı təhsil, özünü daha yaxşı inkişaf etdirmək üçün həyata keçirilir. Yəni, təhsildə, keyfiyyətdə güzəşt olmamalıdır. Obyektiv səbəb olmadan tələbələrin transferini məsləhət görmürəm. Əgər tələbə transferi həyata keçiriləcəksə, bu, daha keyfiyyətli bir təhsil üçün nəzərdə tutulmalıdır”.
Aysun Əsgərova