
Yanvarın 18-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Humanitar fənlər kafedrasının professor-müəllim heyəti və tələbələrin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AzEdu.az xəbər verir ki, humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev o dövrdəki ictimai-siyasi proseslər barədə məlumat verib, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğurunda mübarizəsindən danışıb. 20 Yanvar hadisələrinin canlı şahidi kimi öz xatirələrini bölüşən Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva, kafedranın dosenti Yaşar Əhmədov şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıblar. Ölkəmizin siyasi tarixindən bəhs olunan tədbirdə 20 Yanvar hadisləri ilə bağlı həqiqətlər müzakirə olunub və bu gerçək tarixin gənc nəslə çatdırılmasının vacibliyi vurğulanıb.