Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-03 17:32:00
Rusiya repetitorluğa yaşıl işıq yandırdı - Bəs Azərbaycan?

Rusiyanın Baş naziri Mixail Mişustinin analıq pulları ilə bağlı verdiyi sərəncam bu ölkədə repetitorluğun daha da vüsət alacağına şərait yaradacaq. Belə ki, uşaqların təlim-tərbiyəsi üçün nəzərdə tutulan analıq pulundan repetitorların xidmətlərini maliyyələşdirmək məqsədilə istifadə etmək mümkün olacaq. Mişustinin bu sərəncamını gənc nəslin təhsilində mühüm addım kimi qiymətləndirirlər. Belə ki, bu vaxta qədər Rusiyada yalnız maddi vəziyyəti yaxşı olan ailələr repetitor xidmətindən istifadə edir və övladlarının daha nüfuzlu ali məktəblərdə oxumalarına nail olurdular. Qeyd olunan sərəncama əsasən, aztəminatlı ailələrə də imkan verəcək ki, öz uşaqlarına repetiop tuta bilsinlər. Amma bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün müəyyən qanunvericilik bazası hazırlamaq lazımdır ki, valideynlər repetitor xidmətini ödəmək üçün analıq pulunu götürüb başqa məqsədlər üçün istifadə etməsinlər.

Keçmiş Sovet İttifaqının digər ölkələrində olduğu kimi, Rusiyada da repetitorluq xidmətinin çiçəklənməsi SSRİ-nin süqutundan sonrakı illərə təsadüf edir. Amma indiyədək də bu xidmətin mövcud olmadığını da iddia etmək olmaz. Birdəfəlik İmtahan Sisteminin tətbiq edilməsi ilə repetitorluq daha da inkişaf edərək indiki geniş səviyyəyə gəlib çatmışdır. Rusiya vergi və təhsil orqanları uzun müddət bu təhsil formasına qarşı mübarizə aparsalar da, onun aradan qaldırılmasına nail ola bilməmişlər. Sonda ona münasibət dəyişdi və hazırda bu məktəbdənkənar təhsilin  leqallaşdırılması istiqamətində işlər aparılır. Rusiya hakimiyyət dairələri repetitorluğa hüquqi don geyindirməklə əhalinin nəzərəçarpacaq qisminin maddi vəziyyətinin düzəldilməsini də hədəfləyirlər. Repetitorluğa yaşıl işıq yandırmaqla əhalinin təhsil səviyyəsinin yüksəlməsinə də  nail olunacağını düşünürlər. Bununla yanaşı hakimiyyət orqanları repetitorlar vasitəsilə büdcənin doldurulması məsələsini də yaddan çıxarmaq istəmirlər. Belə ki, bundan sonra özəl tədrislə məşğul olan müəllim-repetitorlar vergi orqanlarından lisenziya aldıqdan sonra bu işlə leqal şəkildə məşğul ola biləcəklər.

Klassik təhsil formasının tərəfdarı olan mütəxəssislər isə repetitorluğun leqallaşdırılmasının movcud təhsil sisteminin zəiflədilməsinə gətirib çıxaracağını iddia edir və onun əleyhinə çıxırlar.

Qeyd olunmalıdır ki, Azərbaycanda da repetitorluqla bağlı məsələlər hələ də müzakirə mövzusudur və ona qarşı münasibət  birmənalı deyil. Bu barədə dövlət tərəfindən müvafiq addımların atılacağı gözləniləndi.