
Bu gün səhər saatlarında Siyəzən rayonunun Məşrif, Dağquşçu və Qozağacı kənd məktəblərində işləyən 7 müəllim qəzaya düşüb.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, onlardan 2 nəfəri hadisə yerində dünyasını dəyişib. Digər 5 müəllim isə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:
"Qəza nəticəsində dünyasını dəyişən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinin müəllimləri – Aygün İsmayılova və Aygün Vəliyevanın vəfatından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin! Yaralı müəllimlərimizə isə şəfa diləyirik!" - məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də - Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 3 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.