
Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə builki müraciəti diqqət mərkəzindədir və hələ uzun müddət müzakirə olunacaq. Çünki bu müraciət Rusiya –Ukrayna müharibəsinin başlanmasının bir illiyi ilə üst-üstə düşüb.
AzEdu.az xəbər verir ki, çoxları Kreml sahibinin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar həm daxili auditoriya, həm də xaricdəki opponentlərinə ciddi mesajlar verəcəyini gözləyirdi. Həqiqətən belə də oldu. Müraciət bütünlüklə Rusiya-Ukrayna münaqişəsi mövzusuna həsr olunmuşdu desək, yanılmarıq.
Çıxışı zamanı Putin Rusiya təhsil sisteminin yaşadığı çətinliklərə də toxunub və mövcud problemlərdən çıxış yolunu göstərib.
Məlum oluğu kimi, Rusiya-Ukrayna müharibəsi başlayan kimi Rusiya universitetləri kütləvi şəkildə Boloniya təhsil sistemindən çıxarıldı və dünya təhsil sisteminə inteqrasiya prosesi dayandı. Universitetlər bundan sonra hansı təhsil formasında mütəxəssis hazırlayacağını müəyyən etməkdə çətinlik çəkir. Buna görə də Rusiya prezidenti onlara səsələnərək dedi:
“Sovet təhsil sistemində yaxşı nə var idisə, onu saxlayın və inkişaf etdirin”.
Sovet təhsil sisteminin hələ aradan çıxmamış formasını saxlamaq və inkişaf etdirməklə yanaşı, Rusiyada bakalavriat və magistraturanı da saxlamağa çalışırlar. Yəni Rusiya təhsil sistemin əgər nə vaxtsa yenidən Avropa və dünya təhsil sisteminə inteqrasiya imkanı əldə edəcəksə, o zaman mütləq iki pillələli təhsil siteminə ehtiyac duyulacaq. Buna görə də Rusiyada Boloniya təhsil sisteminin bu əsas elementini hələlik saxlamaq istəyirlər. Görünür onlar dünya ilə əlaqələrin tam qırılmadığına ümidlidirlər.