_22.jpg)
“Bu həftədən etibarən Bakı Baş Səhiyyə Mərkəzinin sosial şəbəkə səhifələrində “Poçt qutusu” rubrikasına başlayırıq. Buradakı mövzular ənənəvi qaydada poçtla göndərilən məktublar, elektron müraciətlər və eləcə də sosial şəbəkələrdən ünvanlanan və onlarla insanı maraqlandıran mövzular içərisindən seçilir”.
AzEdu.az xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.
O, “Poçt qutusu”na göndəriləcək məktublar üçün nümunə də təqdim edib:
“Poçt qutusu”
“Uşağım bir həftədir xəstədir, evdə müalicə alırdı. İndi sağalıb. Məktəbdən uşağın xəstəliyə görə evdə qalması barədə sənəd tələb edilir. Poliklinika isə bu sənədi verməkdən imtina edir...”.
Həcmi qısaldılmış məktuba ümumiləşdirilmiş cavab:
“Əgər şagird bir həftədir xəstədirsə və bu haqda valideyn qeydiyyatda olduğu ambulator-poliklinik tibb müəssisəsinə ilk gündən məlumat verməyibsə, həmin sənədin verilməsi mümkün deyil.
Məlumat üçün bildirək ki, uşağın sağlamlığı haqqında tibbi arayış qeydiyyatda olduğu ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsindən (Məsələn, uşaq poliklinikaları) əldə olunur. Bu zaman valideyn uşağın məktəbdən qaldığı ilk gün müvafiq tibb müəssisəsinə məlumat verməli, uşaq həmin gün müayinə olunmalı və xəstəliyin gedişatı mütəmadi sahə həkimi tərəfindən izlənilməlidir.
Yalnız bu halda, yəni uşaq sağaldıqdan sonra poliklinikada müvafiq həkim müayinələrindən keçirilir və uşağın sağlamlığı haqqında tibbi arayış verilir”.