
İrandakı qız şagirdlərin təhsil aldıqları məktəblərdə baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı 100-dən çox şəxs müəyyən edilərək saxlanılıb.
AzEdu.az xəbər verir ki, İran Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında saxlanılanların bəzilərinin düşmənçilik niyyətli şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı bildirilir. Həmin şəcslərin terror təşkilatları ilə əlaqəsinin olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların aparıldığı vurğulanır.
Açıqlamada bildirilib ki, ötən həftədən zəhərlənmə hallarının sayı xeyli azalıb.
Qeyd edilir ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.