
Aprelin 5-də Bakı-Salyan yolunun 29-cu kilometrliyində baş vermiş ağır yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 2020-ci il təvəllüdlü azyaşlı Bayxan Bağırovun fotosu yayılıb.
AzEdu.az xəbər verir ki, 3 yaşlı uşağın fotosunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev ictimailəşdirib.
“Təəssüflər olsun ki, hələ də səhvi qayda pozuntusu törədən şəxslərdə deyil, başqa yerlərdə axtarmağa çalışanlar var. Sürət həddi 60 km/saat olan bir yolda 100 km/saatla avtomobili idarə etməmək üçün sadəcə yol nişanlarına baxmaq kifayətdir. Yəni qeyri-adi bir istedada malik olmağa ehtiyac yoxdur.
Olunan səhvləri bir kənara qoyub, başqa-başqa yerlərdə nöqsan axtarmaqla intizamsız və məsuliyyətsiz sürücülərə haqq qazandırmış oluruq”, - deyə o bildirib.
Xatırladaq ki, aprelin 5-də Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, magistral yolun 29-cu kilometrliyində “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.
Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, 1 qadın və 1 azyaşlı uşaq isə xəsarət alıb.
Lakin hadisə zamanı yaralanan 3 yaşlı Bayxan Bağırov xəstəxanaya aparılan zaman vəfat edib.