
“Müəllimlərin iş yerinin dəyişdirilməsində vakansiya yerləri əvvəlcə şəhid ailələrinin üzvlərinə açılacaq”.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib:
“Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sosial rifahının və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış bir addımdır. Burada şəhid ailəsinin üzvlərinə xüsusi diqqət göstərilir. Əvvəlcə onlar vakant yerləri seçmə imkanına malikdir. Bizim bu prosesi təşkil etməkdə əsas məqsədimiz müəllimlərimiz üçün daha əlverişli olan ünvanlarda yerləşən məktəblərə onların iş yerlərini dəyişdirilməsini təmin etməkdir.
Ötən ilə qədər müəllimlər ərizələrini daxil edən zaman dərhal vakansiya seçimini etmə hüququna malik idilər. Lakin bizim keçən il qaydalarda etdiyimiz dəyişikliklərə müvafiq olaraq, əvvəlcə şəhid ailəsinin üzvü olan şəxslər bu imkana sahibləndilər. O baxımdan, birinci vakansiya seçimi onlar üçün açılacaq. İlk növbədə onların yerdəyişməsi aparılacaq. Daha sonra isə digər müəlimlər yerdəyişmə vakansiyalarında seçim edəcəklər".