
Ölkəmizin bir çox ali təhsil müəssisəsinin yataqxanaları olsa da, tələbələr hələ də universitetlərinə yaxın olan kirayə evlərə üz tuturlar. Yataqxanalarda yer çatışmazlığı və şəraitin yaxşı olmaması bunun əsas səblərindəndir.
AzEdu.az universitetlərin yataxqanalarındaki mövcud vəziyyət ilə bağlı silsilə yazılar hazırlayıb.
Budəfəki sorğumuzda isə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) iştirak edib.
Universitetdən bildirilib ki, tələbə yataqxanası təhsil ocağından uzaq olmayan məsafədə yerləşir.
“Yataqxanamız 9 mərtəbəli binadan ibarətdir. Hər mərtəbəsində 14 otaq və bir ümumi mətbəx mövcuddur. Otaqlarda çarpayı, stol-stul dəsti, dolablar və s. məişət avadanlıqları mövcuddur. Hər otaqda 3 nəfər olmaqla, ümumilikdə yataqxanamızda 252 nəfər tələbənin yerləşməsi imkanı vardır. Sanitar qovşaqlar otaqların içərisindədir”.
Qeyd olunub ki, yataqxanada tələbələr üçün rahat şərait yaradılıb:
“Yataqxanamız 7/24 kamera vasitəsilə müşahidə altındadır. Tələbələrimizin bəlli giriş-çıxış saatları mövcuddur. Yerlə təmin olunmaları üçün rayon qeydiyatında olmaları və universitetə ərizə ilə müraciət etmələri mütləqdir. Tələbələr THİK-ə ərizə əsasında müraciət edərək yerləşmələri üçün orderlə təmin olunurlar. Yataqxanamızda tələbələrin tədrisi üçün hər bir şərait yaradılmışdır. Bununla yanaşı, yataqxanamızda idman zalları da fəaliyyət göstərir”.