
Ali təhsil müəssisəsində rektorla tələbələr arasında səmimi münasibət olarsa, bu, universitetin nüfuzuna da təsir edir. Rektorların tələbələr üçün əlçatan olması təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.
Azərbaycan universitetlərində tələbələrlə rektor arasında kommunikasiyanın qurulması üçün rektorun qəbul günləri təşkil olunur.
Bəs sözügedən qəbul günləri hansı aralıqlarla keçirilir? Rektorların tələbələrlə münasibəti necədir? Onlar tələbələr üçün əlçatandırlarmı?
AzEdu.az saytı "Rektorun qəbul otağı" rubrikası adı ilə silsilə yazılar təqdim edəcək.
İlk yazımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla bağlıdır.
Tarix elmləri doktoru, professor Cəfər Cəfərov ölkə Prezidentinin 23 iyun 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunub.
"ADPU rektorunun qəbul otağı" barədə suallarımızı Universitetin mətbuat katibi Cavid Hüseynov cavablandırıb.
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru həftədə, yaxud ayda neçə dəfə qəbul günü keçirir?
- Azərbaycan Dövlət Pedaqoji Universiteti üzrə vətəndaşların qəbulu Azərbaycan Respublikası Konstitusiyasına, “Vətəndaşların müraciətləri haqqında” Qanuna və vətəndaşların müraciətləri ilə bağlı digər normativ-hüquqi aktlara əsasən, bütün struktur bölmələri üzrə aparılır. Pedaqoji Universitetin rektoru həftədə bir dəfə, yaxud müraciət sayı çox olarsa, məsələnin ətraflı araşdırılması üçün həftədə iki dəfə vətəndaşları qəbul edir. Qəbul prosesi çərşənbə axşamı və ya cümə günü saat 14:00-da başlayır və qəbula yazılmış son vətəndaşın qəbulunadək davam edir. Qəbula yazılmış şəxslərə qəbulun dəqiq günü və saatı barədə öncədən məlumat verilir.
- Qəbula tələbələrlə yanaşı, valideynlər də yazıla bilərmi?
- Qəbula tələbə, valideyn və ya tələbənin himayəsində olduğu şəxslər, müəllimlər, əməkdaşlarımız, məzunlarımız - bir sözlə, ADPU ilə bağlı müraciəti olan hər kəs yazıla bilər.
- Bəs müəllimlər necə, onlar da rektorla görüşmək üçün qəbula yazılmalıdırlar, yoxsa necə?
- Bəli, müəllimlərimiz də qəbula yazıla bilərlər. Amma müəllimlərimiz qəbuldan kənar da rektorla görüşə, hətta telefonla belə danışa bilirlər.
- Ümumiyyətlə, qəbula düşmək üçün hansı prosedurlardan keçmək tələb olunur?
- Qəbul prosesinin aparılmasında əsas məqsəd vətəndaş müraciətlərini dinləmək, təhsil qanunvericiliyi çərçivəsində həllinə nail olmaqdır. Bu səbəbdən öncə müraciətin məzmunu müəyyən edilir. Vətəndaşın müraciətlə bağlı daha öncə əlaqədar quruma (dekanlıq, departament, prorektorluq və s.) müraciət edib-etməməsi, verilmiş cavablar aydınlaşdırılır. Qəbul prosesində vətəndaşla yanaşı, onun müraciət etdiyi məsələ ilə bağlı universitetin məsul şəxsləri də iştirak edirlər. Burada əsas məqsəd müraciətin yerindəcə araşdırılması və cavablandırılmasıdır.
- Qəbul günlərində təxminən nə qədər tələbə iştirak edir?
- Qəbula neçə nəfər tələbə müraciət edibsə, o qədər tələbə də iştirak edir. Bu müxtəlif vaxtlarda dəyişkən rəqəmlər olur.
- Qəbulda iştirak edənlər əsasən, hansı mövzularda müraciət edirlər?
- Qəbul mövzuları çoxşaxəlidir; təhsil haqqı, təhsil haqqından azad olma, bərpa, kəsr, kredit borcu, müəllimlərdən şikayət, kitab təqdimi, dərs saatı, işə qəbul və s.
- Qaldırılan məsələlərin icrasına necə nəzarət olunur?
-Qaldırılan məsələ əlaqədar struktur tərəfindən öncədən araşdırıldıqda cavab qəbul vaxtı vətəndaşa izah olunur. Əgər müraciətin araşdırılmasına ehtiyac varsa, o zaman əlaqədar struktura məsələni araşdırmaq və cavab hazırlamaq tapşırılır. Vətəndaş araşdırmanın nəticəsi barədə məlumatlandırılır.
- Rektor tələbələrlə qəbul günlərindən başqa, daha hansı üsullarla ünsiyyət qurur?
- Rektor tələbələrlə gün ərzində universitet daxilində, tədbirlərdə, kitabxana, yeməkxana və s. ictimai yerlərdə qarşılaşır, onlarla söhbət edir, onları dinləyir. Digər tərəfdən, mütəmadi olaraq tələbələrimizlə görüşlər keçirilir, bu görüşlər zamanı da rektor tələbələrlə ünsiyyətdə olur.