
Hazırda Gəncə Dövlət Universitetində 49 nəfər əcnəbi tələbə bakalavriat səviyyəsi üzrə təhsil alır.
Bu barədə AzEdu.az saytının sorğusuna universitetdən verilən cavabda bildirilib.
Qeyd edilib ki, əcnəbi tələbələr Xarici dillər, İqtisadiyyat və idarəetmə, Kimya-biologiya, Tarix-coğrafiya, Riyaziyyat-informatika, Pedaqoji, Fizika və texniki fənlər və Filologiya fakültələrində əyani və qiyabi formada, magistratura səviyyəsində isə Tərcümə (İngilis dili üzrə) ixtisasında və doktoranturada İqtisadiyyat ixtisasında təhsil alırlar.
2021/2022-ci tədris ilində 10 nəfər əcnəbi tələbə Gəncə Dövlət Universitetində təhsil almaq üçün müraciət edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər müraciətləri əsasında qanunvericiliyə uyğun olaraq müqavilə yolu ilə müvafiq ixtisaslara qəbul olunub.
2022/2023-cü tədris ilində də 10 nəfər əcnəbi tələbə - Rusiya Federasıyası, Gürcüstan, Özbəkistan və Türkiyə Cumhuriyyəti vətəndaşları Gəncə Dövlət Universitetinə qəbul olunublar. Onlardan 6 nəfəri bakalavr, 1 nəfəri magistr və 3 nəfəri doktorantura təhsil səviyyəsində qəbul olunub.
Hazırda Gəncə Dövlət Universitetində oxuyan əcnəbi tələbələrdən 4 nəfəri fəlsəfə doktoru proqramı üzrə doktorantura, 1 nəfəri magistratura, 44 nəfəri isə bakalavriat səviyyəsi üzrə təhsil alır.
Bu tələbələr 7 xarici ölkənin - Rusiya Federasıyası, Türkiyə Cumhuriyyəti, Moldova Respublikası, Ukrayna Respublikası, Özbəkistan Respublikası, Gürcistan Respublikası və Qırğızıstan Respublikalarının vətəndaşlarıdırlar.
Qiyabi təhsil forması üzrə ixtisaslarda təhsil alan 12 tələbədən 5 nəfəri tədris ilinin əvvəlinə qeydiyyatdan keçmədklərinə və Universitetlə əlaqə saxlamadıqlarına görə tələbələr sırasından xaric olunub, 3 nəfərin isə akademik borcları yaranıb. 4 nəfərin müvəffəqiyyət və keyfiyyət göstəriciləri qənaətbəxş olub.
Digər fakültələrdə təhsil alan əcnəbi tələbələrin akademik borcları qalmadığına görə onların da müvafiq göstəriciləri qənaətbəxş səviyyədə olmuşdur.
“Universitet üzrə təhsil alan əcnəbi tələbələrin müvəffəqiyyət göstəricisi 89%, keyfiyyət göstəricisi isə 23% olmuşdur”,-deyə qeyd edilib.