
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən Biləsuvar şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nəfər qadının cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
AzEdu.az xəbər verir ki, FHN-in məlumatına görə, ümumilikdə partlayışla əlaqədar FHN tərəfindən həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından 2 nəfər sağ çıxarılıb, 1 nəfərin isə cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Biləsuvar rayonunda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.
Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından 2 nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.