
AzEdu.az təhsil portalı böyük kütlənin tanıdığı sənət adamları, ictimai şəxslər, idmançılar media nümayəndələrinin məktəb, illərindən bəhs edən silsilə yazılarını diqqətinizə çatdırır.
“Hələ indiyədək onu özümə bağışlaya bilmirəm”
“Parta etirafları” rubrikasının növbəti qonağı siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. Görək, o, məktəb illəri ilə bağlı bizə nəyi etiraf edəcək. Orta məktəbi əla qiymətlərlə bitirdiyini deyən H. Hacıyev ən sevdiyi fənn tarix və biologiya olub:
“Orta məktəbdə ən çox sevdiyim fənn Tarix və Biologiya olub. Fikrimi daha çox Tarixə yönəltmişdim, amma Fizikanı da çox yaxşı bilirdim. Orta məktəb illərində hər zaman əlaçı şagird olmuşam, məktəbi yüksək qiymətlərlə bitirmişəm.
Mən Qərbi Azərbaycanın Basarkeçər rayonun Zod kəndində orta məktəbə getmişəm. Orada ən böyük kənd bizimki idi. Orta məktəbi çox yüksək qiymətlərlə bitirmişəm. Fizika olimpiadasında iştirak etdiyim zaman Respublika üzrə I və II yerə çıxmışam. Basarkeçər rayonun Zod kəndində təhsilimi başa vurduğum zaman erməni dilini də yaxşı bilirdim. Orta məktəbi qurtardıqdan sonra isə Gəncədə Kənd Təsərrüfatı Akademiyasına daxil oldum. Kəlbəcər rayonunda komsomol təşkilatında iş fəaliyyətinə başlamışam. O zaman sovetlər dönəmində komsomolda təşkilat şöbəsinin müdiri, rayon komsomol komitəsində ikinci katib oldum. Daha sonra birinci katibi 1 il 6 ay əvəz etmişəm.
1982-ci ilin martında Bakıya gəlib, Komsomolun Mərkəzi Komitəsində iki ay çalışdım. Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri oldum. Daha sonra balıqçılıq şöbəsinə müdir vəzifəsinə keçdim. Sank-Peterburqda balıqçılıq üzrə namizədlik dissertasiyasını müdafiə etdim. Sonra da digər vəzifələrdə çalışdım”.
Hafiz Hacıyev birinci sinifdə baş verən maraqlı xatirələrini də bizimlə bölüşüb:
“Birinci sinifdə oxuduğum zaman bir əmimqızı vardı, ingilis dili müəllimi idi, eyni zamanda, mənə dərs deyirdi. Hazırda rəhmətə gedib. Həmin dönəmlərdə evə gəldiyim zaman anam bizə xörək bişirmişdi, o vaxtı bizdə o yeməyin adına “qovurma” deyirdilər. Anam xörəyi mənə verdi, yedim, amma əmimqızı bizə gələndə, mən o yeməkdən ona vermədim. Hələ indiyədək onu özümə bağışlaya bilmirəm”.
Müəllimlərimiz dərsdə səs saldığımız zaman “rezin”lə əllərimizə vuraraq bizi döyürdülər.
Məktəb illərində bir müəllimim var idi, bizə Riyaziyyat fənnindən dərs deyirdi. Etiraf edim ki, Riyaziyyatı sevmirdim, ona görə də oxumurdum. Orta məktəb illərində həmin Riyaziyyat müəllimi bizi çox döyürdü. Heç vaxt yadımdan çıxmaz, biz bir dəfə üç- dörd nəfərlə birlikdə Riyaziyyat müəllimini sinifdə döydük . Müəllimi döydükdən sonra istədilər ki, bizi məktəbdən çıxarsınlar daha sonra bildilər ki, həqiqətən günah bizdə yoxmüəllimdədir. Çünki bizi hər gün təhqir edir və döyürdü. Əlavə olaraq onu da qeyd edim ki, həmin müəllim həbsxanadan çıxmışdı.
Mən Ermənistanda oxuduğum illərdə oranın şairlərini bizə sevdirməyə çalışsalar da mən hər zaman Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm və digər şairlərimizin əsərlərini oxumağı sevirdim”.
Günel YAŞARQIZI