
Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir.
AzEdu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
"Dərhal bu məsələ ilə məşğul olmuşuq. Qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Oradakı bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq".
Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı cinayət işi açılıb, M.Xəlilov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.