
Paytaxt məktəbliləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, bilik yarışının keçirilməsinin əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlarda özünüifadə vərdişlərini aşılamaqdır.
Səbail rayonu üzrə IX-XI sinif şagirdləri arasında Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda komandalar hər biri 12 sualdan ibarət olmaqla üç mərhələdə yarışıblar.
İntellektual oyunun nəticələri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, 7 nömrəli tam orta məktəb birinci, 189-190 nömrəli tam orta məktəb ikinci, 160 nömrəli Klassik gimnaziya isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq reallaşdırılan tədbirlər çərçivəsində həyata keçirilib.