
KİV nümayəndələrinə "uşaq hüquqları ilə bağlı informasiya hazırlanmasının şərtləri" mövzusunda təlim keçirilib
Ekspertlər hesab edirlər ki, uşaq cinayətlərinin artmasında bir neçə amilin rolu var: ailədaxili münaqişələr, həmçinin iqtisadi, sosial, təhsil, psixoloji məsələlər, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunmaması, uşaqlara nəzarətin azalması və s. Bu səbəblərin ən başında isə uşaqların internetin zərərlərindən daha çox yararlanması, yəni İKT-nin inkişafının durduğu qeyd olunur.
Maraqlıdır, KİV nümayəndələri, sosial və ənənənəvi media təmsilçiləri uşaqlarla bağlı xəbərləri, reportajları, müsahibələri, verilişləri hazırlayarkən nələrə diqqət yetirməlidirlər, hansı amilləri nəzərə almalıdırlar? Ümumiyyətlə ölkə KİV-lərində uşaq hüquqları necə qorunmalıdır?
AzEdu.az Sputnik.az-a istinadən xəbər verir ki, bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) məhz jurnalistləri məhz bu mövzuda maarifləndirmək məqsədilə təlim keçirdi. GİZ-in "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı çərçivəsində keçirilən təlimin mövzusu "Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri"ndən ibarət idi. Ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələrinin iştirak etdiyi iki günlük təlimin təlimçisi Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ)sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli oldu.
Daha sonra uşaq cinayətlərinin statistikası açıqlandı və artma səbəbləri üzərində müzakirələr aparıldı. Uşaq cinayətlərinin aradan qaldırılması yolları araşdırıldı. Belə bir nəticəyə gəlindi ki, bu məsələdə əsas iş medianın üzərinə düşür. Media təmsilçiləri həm öz fəaliyyətində uşaq cinayətlərini artıracaq nüanslara diqqət yetirməlidirlər. Həm də öz işlərini maarifləndirici formada qurmalıdırlar ki, uşaqlar cinayətdən yayınsın, elmə-təhsilə, peşəyə, idmana yönəlsinlər.
Bundan sonra isə təlim iştirakçıları ilə birlikdə, uşaqlarla bağlı baş vermiş hadisələrin hazırlanma üsulları müzakirə olundu. Cinayət törətmiş və ya cinayət qurbanı olunmuş uşaqlarla bağlı sosial mediada, həmçinin TV-lərdə yayımlanmış bəzi xəbərlər analiz edildi.
Daha sonra uşaqlarımızı internet informasiya resurslarında — sosial şəbəkələrdə, sosial mediada yayılmış yararsız, zərərli informasiyadan qorumağın yolları ətrafında geniş fikir mübadiləsi aparıldı. Təklif olundu ki, uşaqların sosial şəbəkələrin zəzərlərindən qorumaq üçün dünya ölkələrinin təcrübələrindən istifadə olunması məqsədəuyğundur. Məsələn, internetə xüsusi filtirasiya qoyulmalı və ya sosial şəbəkələrdə hesab açmaq üçün mütləq bank kartı olmalıdır. Müşfiq Ələsgərli bildirdi ki, Mətbuat Şurası da uşaqları zərərli informasiyadan qorumaq üçün yollar axtarır. Şura tərəfindən bu məqsədlə orta məktəblərdə informasiya dərsinin keçirilməsi təklif edilib.
Təlimin ikinci günündə isə uşaq haqları və onun qorunmasının hüquqi əsasları ətrafında danışıldı. Uşaqların malik olduğu müstəsna hüquqlar və hüquqi normalar, uşaq hüquqlarını qoruyan beynəlxalq normalar, uşaq hüquqlarını təminat altına alan yerli qanunvericilik, KİV-də uşaq hüquqlarının qorunmasını tənzimləyin qanunlar nəzərə çatdırıldı. Həmçinin ənənəvi KİV-də və internet informasiya resurslarında, sosial şəbəkələrdə uşaqlar haqqında informasiya verilməsinin mövcud durumu, jurnalistlərin peşə davranışı qaydaları və uşaq haqları mövzusunda geniş fikir mübadiləsi aparıldı.
Sonda təlimin iştirakçıları arasında keçirilənləri möhkəmləndirmək məqsədilə praktiki iş həyata keçirilib. Jurnalistlər tərəfindən hazırlanmış materiallar əsasında bilikləri qiymətləndirilib.
Təlimin sonunda GİZ-in nümayəndəsi Şakir Səfərbəyov bildirdi ki, hər zaman jurnalistləri maraqlandıran mövzularda təlimlər keçirməyə hazırdırlar. Və jurnalistlərə müraciət etdi ki, gələcəkdə təlim keçirilməsini istədikləri mövzularla bağlı onlara müraciət edə bilərlər.