Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 20:43:54
Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacaq? - Rəsmi AÇIQLAMA

"Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə zəlzələnin nə vaxtını, nə yerini, nə də gücünü heç kim proqnozlaşdıra bilməz, zəlzələlər olur. Və həmişə də olmaq ehtimalı var".

AzEdu.az xəbər verir ki, bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

 

O bildirib ki, türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağına dair proqnoz verdiyi bildirilsə də, onun Azərbaycanla bağlı hansı araşdırmalar apardıqdan sonra bu iddianı irəli sürdüyü bəlli deyil:

 

“Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə, onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki seysmologiya elmi bu suala cavab tapmayıb və bu, bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün baş verir və onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət davamlı məlumatlandırılır".

 

Vüsalə Rafiqqızı zəlzələni öncədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib.

 

"Dəfələrlə demişik, yenə də təkrar edirik. Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, burda hansısa qeyri-adi fikir ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və onu da qeyd etdiyim kimi, heç bir alim, heç bir mütəxəssis verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox "ekspertlər" Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanları narahat edir, təşviş yaratmağa çalışırdılar. Biz o zaman da kifayət qədər açıqlamalar verdik ki, insanlarımız narahat olmasınlar. Çünki zəlzələ insanlarda təkcə qorxu yox, həm də psixoloji narahatlıqlar yaradır. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, hansısa elmi sübutlara əsaslanmayan, ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün ortaya atılan fikirləri yayıb insanlarımızı boş yerə narahat etməyin, lütfən”, - deyə o qeyd edib.