
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kulturologiya fakültəsinin tələbələri üçün “Azərbaycan turizmi və onun inkişaf perspektivləri” mövzusunda mühazirə keçirilib. Bilik Fondundan AzEdu.az-a verilən məlumata görə, tədbirdə ADMİU-nun beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, bu qurumun lektorlar qrupunun üzvü, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Növrəsli iştirak ediblər.
T.Növrəsli tədbirdə Azərbaycanın turizm potensialı, turizmin inkişafının nəzəri və praktik əsasları barədə mühazirə oxuyub. Bildirilib ki, müasir dünyada turizm ən dinamik sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilir.
Tədbir fikir mübadiləsi ilə davam etdirilib, iştirakçıların sualları ətraflı cavablandırılıb.