
Hər bir insanın həyatında elə dövr var ki, o sonradan ömrün unudulmaz xatirəsinə çevrilir, eyni ilə məktəb illəri kimi...
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları da o çağlara təsadüf edir...
AzEdu.az-ın “Parta etirafları” rubrikasının budəfəki qonağı teleaparıcı, aktrisa və Əməkdar artist Dilarə Əliyevadır. Məktəb illərini gözəl xatirələrlə yadda saldığını deyən Dilarə xanım daha çox humanitar fənləri sevdiyini bildirib.
“Mənim üçün məktəb illəri çox əzizdir. O illəri gözəl xatirələrlə xatırlayıram. Ən çox sevdiyim fənlər Ədəbiyyat, Azərbaycan dili, Azərbaycan tarixi və Alman dili olub.
Xarici dillərdən ümumiyyətlə, ən çox alman dilini sevmişəm. 10-cu sinifdə iki seçim qarşısında qalmışdım: ya alman dili üzrə mütəxəssis olacağam, ya da incəsənət sahəsini seçəcəyəm. Ən böyük arzum isə Almaniyaya getmək idi.
Məktəb zamanından hamı bilirdi ki, mən alman dilini yaxşı mənimsəmişəm. O zamandan çoxları düşünürdü ki, mən alman dili üzrə mütəxəssis olacağam.
Kimya müəlliməmiz mənə dedi ki, sən gəl, incəsənət sahəsini seç, çünki çox istedadlısan. Onu da qeyd edim ki, məktəbin tədbirlərində çox fəal iştirak edirdim . Sonda qərar verdim ki, mən “Azərbaycan Dövlət və İncəsənət Universitetinə qəbul olacağam” və elə də oldu.
Məktəb illərində heç bir zaman “2” almamışam. Mən ümumiyyətlə, həddindən artıq çox məsuliyyətli insanam və məktəbə heç vaxt hazırlıqsız getməmişəm. Hətta indi də məni hər hansı verilişlərə, tədbirlərə çağırırlarsa, ən azı 15 dəqiqədən tez çağırıldığım yerdə oluram. Mənə verilən tapşırıqları da zamanında yerinə yetirməyə çalışıram. Çəkildiyim rollara da bu cür məsuliyyətlə yanaşıram.
Dilarə Əliyeva orta məktəb illərində bu gün də yada saldığı xatirələrini bizimlə bölüşüb:
“Məktəb illərində sinif otaqlarının hamısı bir-birinə oxşayırdı. Bir dəfə tənəffüs zamanı bayıra çıxdım. Sonra geri qayıdıb gələndə sən demə, öz oxuduğum yox, başqa bir sinfə daxil olmuşam. Sinfə, girib, sakitcə oturdum. Birdən baxdım ki, oturduğum yerdəki çanta mənim deyil. İndi özümə bir həyəcanlıyam ki, hanı mənim çantam?! Axırda başa düşdüm ki, otağı səhv salmışam...(gülür)
Orta məktəbi 1989-cu ildə bitirmişəm. Sinif yoldaşlarımla 1989-cu ildən 2017-ci ilin may ayına qədər heç vaxt görüşməmişdim. Televiziya verilişlərin birinin aparıcısı mənə dedi ki, sənə həsr olunmuş veriliş təşkil etmək istəyirəm. Aparıcı verilişdə mənə həyatımın şokunu yaşatdı: O, məktəb illərimin şəkillərini göstərdi və onlara baxarkən çox kövrəldim. Amma birdən...
... Birdən qapı açıldı və şəkildəki uşaqların hamısı içəri daxil oldu. Həmin an o qədər ağlayıb, həyəcanlandım ki, lap özümü itirdim. O gündən sinif yoldaşlarımla yenidən yaxın olduq və onlarla indiyədək də əlaqə saxlayırıq.
İlk müəllimi də məhz həmin verilişin aparıcısı gətirdi. O zaman çox kövrək anlar yaşadım.
Universiteti də fərqlənmə diplomu ilə bitirmişəm. Onu da qeyd edim ki, kitab mütaliə etməyi çox sevirəm. Dünya ədəbiyyatında da əsasən F.Dostoyevskinin əsərlərini oxumağını sevirəm. F.Dostoyovski ən sevdiyim yazardı. Eyni zamandan Azərbaycan ədəbiyyatından da H. Cavidi, C. Məmmədquluzadəni çox sevirəm. Mən veriliş apardığım müddətlərdə də həmin o insanların yaradıcılığından bəhrələnirdim”.
Qeyd edək ki, Dilarə Əliyeva 1994 -cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirib. O, aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynayıb. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M.Bayciyev, "Ər və arvad"), Henrietta (G.Mopassan, "Dərəbəylik"), Badam (V.Əliyev, "Madam-Badam"), Gəlin (Z.Yaqub, "Didərginlər"), Mişilin (M.Marinye, "Oğru"), Zərifə (G.Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Günel Yaşarqızı