
Azərbaycanda tələbələrin biliyinin qiymətləndirilməsi üçün onlara müxtəlif təqaüdlər verilir. Bu gün təhsilimizdə standart, prezident təqaüdü və adlı təqaüdlər sistemi mövcuddur. Adlı təqaüd təhsildə uğurlu nəticələrilə fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.
Hazırda Azərbaycanda bir sıra təhsil ocaqları tələbələrinə adlı təqaüdlər təklif edir. Tələbələrinə adlı təqaüd verən təhsil müəssisələri sırasında bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalıq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti də var.
Qeyd edək ki, Bakı Dövlət Universiteti (BDU) 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis olunub. BDU gələn il 100 yaşını qeyd edəcək.
Modern.az saytının universitetlər arasında apardığı araşdırma nəticəsində məlum oldu ki, adlı təqaüdlərin verilməsində ən yaxşı göstərici BDU-ya məxsusdur.
Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a açıqlamasında hazırda BDU-da 22 ziyalının adına təqaüd verildiyini söyləyib:
“Bu təqaüdlər təhsildə fərqlənməyə, yüksək göstəricilər əldə etməyə görə müəyyən olunur. Ola bilər, bir təqaüdə birdən çox tələbə layiq görülsün. Hazırda Heydər Əliyev, Əziz Əliyev, Zərifə Əliyeva, Ziya Bünyadov, Mirzə Kazımbəy, Aida İmanquliyeva, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Səttar Süleymanov, Musa Əliyev, Mirəli Qaşqay, Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Mir Cəlal Paşayev, Abbas Zamanov, Arif Babayev, Yəhya Məmmədov, Həsən Əliyev, Zeynəlabdin Tağıyev, Məmməd Xələfov, Murtuz Ələsgərov, Heydər Hüseynov və digərlərinin adına adlı və xüsusi təqaüdlər təsis olunub”.