
“Azərbaycanlı tələbələrin xaricdə oxuması ilə bağlı vaxtilə həyata keçirilən Dövlət Proqramı çox uğurlu idi. Onun nəticələrini də görürük. Hesab edirəm ki, bu proqram davam etdirilsə, yaxşı olar”.
AzEdu.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin iclasında çıxış edən deputat Azay Quliyev deyib.
Deputat bildirib ki, Dövlət Proqramının əsas məqsədi xaricdə təhsil alanların ölkəmizə xeyir verməsi idi.
“İstənilən azərbaycanlı xaricdə təhsil alması dövlətimizin maraqlarına uyğundur. Bunun davam etdirilməsi üçün büdcənin müzakirəsi zamanı məsələ qaldırmaq olar. Bir neçə milyon vəsait tələb olunduğundan düşünürəm ki, onu yenidən bərpa etmək olar. Nazirlər Kabineti qarşısında bu məsələ qaldırıla bilər”.
Deputat bu gün Azərbaycanda təhsil alan xaricilərə ölkəmiz tərəfindən yaradılan şəraitin də müsbət amil olduğunu diqqətə çatdırıb.
A.Quliyev deyib ki, xaricilərin Azərbaycanda təhsil alması həmin şəxslərin gələcəkdə ölkəmizin elçisi və səfirinə çevrilməsi deməkdir.
“Ölkəmizin imkanı olduğu müddətdə xarici vətəndaşların burada təhsil almasına imkan yaratmalıyıq. Bu, Azərbaycanın prestijidir. Qoy bizim ali məktəblərimiz o qədər yüksək səviyyədə olsun ki, xaricilər ölkəmizdə təhsil almaq üçün növbəyə dayansınlar”.