
Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə başlanılıb.
AzEdu.az xəbər verir ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsi ölkənin 13 müxtəlif şəhərində 23 imtahan mərkəzində təşkil olunub.
Qaydaların tələblərinə müvafiq olaraq, test imtahanı ilə bağlı məlumat mayın 18-də iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bütün ölkə üzrə 20-23 iyun tarixlərində 20000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanmasə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 51 baldan yuxarı nəticə göstərənlərin vəzifə maaşları 35%, keçid balını toplayan digər təhsilverənlərə isə 10% aylıq əlavələr ediləcəkdir.
***
Bu gün Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub.
Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcə.
Qeyd edək ki, sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir.
Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq. Gün ərzində, səhər və günorta olmaqla iki imtahan seansı təşkil ediləcək.
Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.
Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.
Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
İyul-avqust aylarında müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.
Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:
- mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı;
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.
Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.
Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir.
Test mərhələsində 51-60 bal toplayan müəllimlərin maaşı 35 faiz, 30-50 bal toplayanların maaşı isə 10 faiz artırılacaq.
Xatırladaq ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənin maaşına isə 10 faiz əlavə ödənilir.
A.Qorxmaz