
"Cəmiyyət adətən təhsildən narazıdır və təhsillə bağlı böyük gözləntiləri formalaşır".
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, biliyi bir başdan başqasına mexaniki olaraq götürüb qoymaq mümkün deyil. Bu, çox ciddi psixoloji inkişaf prosesidir.
"Təhsilin yekunda kamil bir insan yaratmaq məqsədi var. Müxtəlif cəmiyyətlərdə kamil insan fərqli başa düşülür. Bəzilərində daha çox dəyərlər üzərindən yanaşılır, bəzilərində əmək bazarı daha çox qabardılır. Bu, artıq həmin cəmiyyətin seçimi məsələsidir. Həqiqətən də bir insanın inkişafında ailə, məktəb və ətraf mühit əsas rol oynayır. İnsan bir mühitdə dünyaya gəlir və həmin mühit onun inkişafında əsas amildir. Mühitlərin ölçülə bilən meyarları var. Bəzən belə fikirlər irəli sürülür ki, “gəlin 10 min texnoloq hazırlayaq”.
Bu, sanki ev tikəndə az investisiya qoyulmuş fundamentin üzərinə böyük yük qoymağa bənzəyir. Ailə mühitinin də inkişafa böyük təsiri var. Şam yeməyini bir yerdə edən ailələrlə, ayrı edən ailələrdə böyüyən uşaqların həm oxu, həm də riyaziyyat göstəricilərində çox böyük fərq var. Evdə kitab sayı, valideynlərin kitab oxumaq həvəsi, davranışı da prosesə böyük təsir edir".