
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb.
Təsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
U-8 yaş qrupu üzrə keçirilən yarışlarda idman məktəblərindən və futbol klublarından 12, U-9 yaş qrupu üzrə 14 komanda mübarizə aparacaq. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq.
Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 5 nominasiya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.