
Milli Məclisin deputatı Fazil Mustafa parlament iclasında Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır.
O, "Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var?! Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”-, deyə bildirib.
Təhsil eksperti Etibar Əliyev AzEdu.az-a açıqlamasında deputatın fikirləri ilə razılaşdığını deyib.
Ekspert düşünür ki, indiki dövr üçün ölkədə 47 universitetin fəaliyyət göstərməsi çoxdur:
“Digər tərəfdən bir çox ali məktəblərdə, xüsusilə humanitar sahələrdə ixtisasların təkrarına rast gəlirik. Universitetlərin birləşməsi və vahid şəkildə fəaliyyəti əlbəttə, təhsilin keyfiyyətinə təsir göstərə bilər. Məsələn, Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşməsi artıq günün tələbinə çevrilib. Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də birləşə bilər, hətta buna Azərbaycan Memarlıq və İnşaat Universitetini də əlavə etmək olar”.
Müsahibimiz qeyd edib ki, universitetlərin birləşməsi ilə yanaşı, həm də onların kənar ərazilərə köçürülməsi də aktualdır:
“Şəhərdəki sıxlıq, həmçinin, yataqxanaların olmaması tələbə sosiallaşmasının səviyyəsini çox aşağı salır. Sovetlər vaxtı universitetlərin böyük yataqxanaları var idi və bu da sosiallaşmaq istiqamətində ciddi əhəmiyyət kəsb edirdi. İndiki şəraitdə universitetlərin şəhərin mərkəzindəki mövcudluğu xeyli problemlər yaradıb – istər nəqliyyatda, istərsə də başqa sahələrdə. Ona görə də düşünürəm ki, universitetlərin böyük kampuslara sahib çıxmaqla kənarda fəaliyyətinin də vaxtı çatıb. Bu , dünya təcrübəsində də belədir. Bir çox hallarda, universitetlərin reytinqindən danışılanda şübhəsiz ki, kampuslar da nəzərdə tutulur. Ancaq bizim universitetlərdə demək olar ki, kampus yoxdur və bu da onların reytinq göstəricisinə mənfi təsir göstərir”.
E.Əliyevin sözlərinə görə, ölkədə 30-a yaxın universitetin olması daha yaxşı effekt verə bilər:
“Digər tərəfdən Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsinin effektini görmüşük. Artıq vahid universitet kimi fəaliyyət həm də yüksək bal toplayan pedaqoji ixtisasları seçən tələbələri özünə cəlb edir. Hər halda, düşünürəm ki, 30-a yaxın universitetin olması daha yaxşı effekt verə bilər. Bəzi ölkələrdə özəl ali məktəblərə dövlət qayğısı var - elmi tədqiqatların, müəllim maaşlarının maliyyələşməsi və.s. Bizdə bu olmadığı üçün özəl ali məktəblər rəqabət yarada bilmədi. Bu faktoru da nəzərə alsaq, universitetlərin birləşməsi gündəmdə duran vacib məsələdir”.