İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun günü keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin İctimai Etimad Şurasının sədri, deputatlar Aydın Mirzəzadə, Məşhur Məmmədov, “Azİİ məzunları” İB-nin sədri Hacı Nuran Hüseynov, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, eləcə də professor-müəllim heyəti və məzunlar iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. 26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yaranmasının 105-ci ildönümü ərəfəsində təşkil edilən Məzun günündə ADNSU-nun məzun şəhidlərinin, həmçinin Vətən uğrunda canından keçən bütün qəhrəman oğullarımızın əziz xatirəsinin hər zaman uca tutulacağını qeyd edən rektor, professor Mustafa Babanlı məzun olan gənclərimzin də öz elmi, bacırıq və tövsiyələri, həmçinin vətənpərvərliyi ilə layiqli Azərbaycan vətəndaşları olacağına əmin olduğunu bildirib. ADNSU-da təhsil və tədris prosesinin müasir zamanın tələblərinə uyğun qurulduğunu deyən rektor, professor Mustafa Babanlı müasir əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirildiyini diqqətə çatdırıb və Azİİ məzunlarına hər zaman ciddi tələbat olduğunu bildirib.
Deputat Aydın Mirzəzadə ADNSU-da son illər ölkədə gedən təhsil islahatlarının burada özünü daha aydın sübut etdiyini xatırladaraq universitetin rəhbərliyinə və kollektivinə, o cümlədən məzunlara təbriklərini çatdırıb. Millət vəkili İctimai Etimad Şurasının sədri olaraq ADNSU-da imtahan proseslərində iştirak etdiyini, builki məzunların bilik və bacarıqları ilə yaxından tanış olduğunu qeyd edib və onlardan gözləntilərinin yüksək olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Sonra ADNSU-nu ən yüksək göstəricilərlə bitirən məzunlar mükafatlandırılıblar, onların adları simvolik kötüyə həkk olunub. Rəsmi hissə başa çatdıqdan sonra tədbir bir-birindən musiqi nömrləri ilə davam edib.
Qeyd edək ki, 2022/2023-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3904 nəfər tələbəsi məzun olub. Onlardan 2643 nəfər bakalavr, 991 nəfər isə magistratura pilləsi üzrə məzun olub. Universitetin 52 bakalavr və 20 magistr məzunu ümumilikdə dünyanın 20-dən çox ölkəsinin nüfuzlu universitetinə qəbul olunub.