
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin (HDU)
rektoru, professor Konstantin Markelov və həmin universitetin Siyasi elmlər və Beynəlxalq Münasibətlər Departamentinin
direktoru, professor Rafik Usmanov ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən akademik
Abel Məhərrəmov Azərbaycanda son illər ərzində bütün sahələrdə, həmçinin təhsil sferasında yüksək nailliyyətlərin əldə
olunmasından bəhs edib.
Universitetdən AzEdu.az-a bildirilib ki, rektor BDU-nun beynəlxalq əlaqələrindən, Rusiyanın bir çox universitetləri ilə uğurlu
əməkdaşlıqdan danışıb, HDU ilə birgə layihələrin genişləndirilməsinin önəmini vurğulayıb.
Professor Konstantin Markelov öz növbəsində, 100 illik yubileyi ərəfəsində olan bu ali təhsil ocağında xoş qarşılanmaya
görə rektora təşəkkür edib. Azərbaycanın Rusiya, o cümlədən Həştərxan regionu ilə səmərəli əlaqələrinin olduğunu qeyd edib,
təmsil etdiyi universitetin BDU ilə fundamental elmlər sahəsində mövcud əməkdaşlıq əlaqələrini humanitar elmlər üzrə
genişləndirməkdə maraqlı olduqlarını söyləyib. Görüşdə müəllim-tələbə mübadiləsi, yay məktəblərinin,
konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və s. məsələləri özündə əks etdirən Anlaşma Memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar universitetin elmi-tədqiqat mərkəzlərində olub, yaradılan münbit şəraitlə yaxından tanış
olublar.
Qeyd edək ki, 1996-cı ildə Həştərxan Dövlət Pedaqoji İnstitutu kimi yaradılan HDU-nun 12 mindən artıq tələbəsi, 8
institutu, 20-dək elmi-tədris mərkəzi, 21 fakültəsi, 60-dək şöbəsi var.