Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 08:55:00
Direktor olmaq istəyənlər bu gün İMTAHAN VERİRLƏR

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, imtahana 1889 namizəd dəvət edilib.

Test imtahanları ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunacaq.

İmtahanların keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

İmtahanın müddəti 90 dəqiqədir. Namizədlərə pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiqlə bağlı hər birinə aid 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.

 
Qeyd edək ki, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarətdir.

Yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir.

Direktorların işə qəbulu imtahanında iştirak edən namizədlər mövcud qaydalara əsasən, hal-hazırda ümumtəhsil müəssisələrində işləyən müəllimlər arasından seçilir. Bir neçə il müəllim işləmiş və daha sonra fəaliyyətinə ara vermiş müəllimlər ilk növbədə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən  keçməlidirlər. Onlar müəllim olaraq fəaliyyətə başladıqdan sonra direktorların işə qəbulu imtahanında iştirak edə bilərlər.