
Elm və Təhsil Nazirliyi xaricdə təhsil üzrə dövlət proqramı ilə bağlı ittihamlara aydınlıq gətirilib.
AzEdu.az xəbər verir ki, nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət proqramının qeyri-şəffaf şəkildə keçirilməsi barədə iddialar həqiqəti əks etdirmir.
Qeyd olunub ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) çərçivəsində 2023/2024-cü tədris ilində təhsil üçün Elm və Təhsil Nazirliyi tərəfindən 30 mart - 1 iyun 2023-cü il tarixlərində sənəd qəbulu həyata keçirilib. Daha sonra növbəti mərhələyə keçmiş namizədlərlə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və sahə üzrə ekspertin iştirakı ilə müsahibə təşkil edilib. Həmin mərhələ üzrə müsahibələrdə iştirak etmiş şəxslərin nəticələrinin yaxın günlərdə açıqlanması məqsədi ilə yekun iş aparılır.
Bununla yanaşı, şərti qəbul əldə etmiş vətəndaşlarımıza və yeni qəbul əldə edən namizədlərə münasibətdə əlavə imkanın yaradılması məqsədi ilə Dövlət Proqramına müraciət tarixi 14 iyul 2023-cü il tarixinədək uzadılıb.
"Əlavə olaraq, Dövlət Proqramının prioritet ixtisas sahələri ilə yanaşı, cari ildə "Times Higher Education", “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız universitetlər üzrə top onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, müvafiq siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslərə də müraciət üçün şərait yaradılıb", - deyə rəsmi məlumatda qeyd olunub.