
Bu il LƏnkəran Dövlət Universitetini (LDU) bakalavriat səviyyəsində 30 ixtisas üzrə 880 məzun, magistratura səviyyəsində 25 ixtisaslaşma üzrə 145 məzun bitirib.
Bu barədə AzEdu.az-a Universitetin Mətbuat xidmətinədn məlumat verilib.
Qeyd edilib ki, LDU-nun builki məzunları arasında universitetimizin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova da var.
Aysel xanım universitetin magistraturasını fərqlənmə diplomu ilə bitirib. O, Xarici dilin (ingilis dili) tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsini bitirib.
Arayış: Vüsal Kamran oğlu Kazımov 17 dekabr 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb, sonra Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirib.
23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib.
2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavriat səviyyədə təhsil alıb. Təhsili ilə bərabər Lənkəran şəhər Gənclər və idman idarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.
Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb.
Şuşanın azad edilməsi zamanı şəhid olub.
29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində dəfn edilib.
Baş leytenant Vüsal Kazımov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.
İki qız övladı yadigar qalıb.
Qeyd edək ki, Vüsal Kazımov LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğludur.
A.Qorxmaz