Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 21:00:00
Gömrük Akademiyasında “Məzun günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası 2022/2023-cü tədris ili üzrə “Məzun günü” keçirib.

AzEdu.az xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxış edib. Qeyd edib ki, 2014-cü ildən fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları qısa zaman kəsiyində fəaliyyət göstərdikləri sahələr üzrə müasir bilik və bacarıqlara yiyələnərək ölkəmizlə yanaşı, xaricdə də Azərbaycanı uğurla təmsil edirlər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov isə məzunları təbrik edib, Akademiyanın fəaliyyətindən söz açan Q. Novruzov keyfiyyətli tədris prosesi sayəsində yüksəkixtisaslı peşəkar kadrların yetişdirilməsi istiqamətində dəstəyini daim göstərən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov başda olmaqla, Akademiyanın professor-müəllim heyətinə, əməkdaşlarına və məzunların valideynlərinə öz təşəkkürünü bildirib. O, məzun adını qazanmış bütün tələbələrin hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elm və təhsil nazirinin müavini İdris İsayev, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkəmizdə təhsilə göstərilən hərtərəfli dövlət qayğısından bəhs edib, Dövlət Gömrük Komitəsinin Akademiyasında yaradılan şəraitin, əldə olunan nəticələrin də bunun bariz nümunəsi olduğunu vurğulayıblar.

Tədbirdə çıxış edən müəllimlər, valideynlər və məzunlar Gömrük Akademiyasında müasir təhsil metodları əsasında hərtərəfli biliklərə yiyələnən mütəxəssislərin hazırlandığını, bu təhsil ocağının ölkəmizin təhsil sisteminə mühüm töhfələr verdiyini bildiriblər.

Daha sonra Akademiyanı bitirən tələbələrə məzun vərəqələri verilib.

Qeyd edək ki, 2022/2023-ci tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 100, magistratura üzrə 8 nəfər bitirib.

Sonda məzunların hazılrladığı musiqili kompozisiya nümayiş etdirilib.