
Orta məktəblərdəki tədris proqramları ilbəil dəyişilir. Xüsusilə də kurikulumun tətbiqindən sonra bu dəyişiklik daha çox nəzərə çarpıb. Çox yox, 5 il əvvəlin dərslikləri ilə indikiləri müqayisə etsək, aradakı fərqi aydın görərik.
Yeni dərsliklərin şagirdləri şifahi nitqə yönəltməsi, onlarda məntiqi təfəkkürü inkişaf etdirməsi müsbət hal olsa da, çoxları proqramın çətinliyindən şikayətçidirlər.
Xüsusilə də riyaziyyat proqramında bir vaxtlar XI sinfə salınan mövzuların indi aşağı siniflərdə tədrisi birmənalı qarşılanmır.
AzEdu.az mövzu ilə bağlı riyaziyyat müəllimlərinin fikirlərini öyrənib.
Ali məktəb proqramından orta məktəb dərsliklərinə salınan mövzular...
Hədəf kurslarının Riyaziyyat fənni üzrə metodisti Əliyar Nuriyev bildirib ki, indiki Riyaziyyat proqramı əvvəlki ilə müqayisədə xeyli dəyişilib:
“İndi dərsliklərə salınan bəzi mövzular əvvəlki məktəb proqramında yox idi, yalnız ali məktəbdə keçirilirdi. Son illərdə isə onlar artıq orta məktəb dərsliklərinə də əlavə olunub. Məsələn, əvvəl “Ehtimal nəzəriyyəsi” mövzusu XI siniflərdə keçirilirdi. Amma indi bu mövzu qısa formada da olsa, VI-VII siniflərə gətirilib. Bu, sadəcə bir nümunə idi. Proqrama əlavə edilən digər mövzular da var”.
O, proqramdakı bu dəyişikliklərin uşaqların dərsi qavramasına çətinlik yaratdığını deyib:
“III fənn bloku üzrə imtahan verən şagirdlər Riyaziyyatdan daha çox çətinlik çəkirlər. Qeyd edim ki, imtahana hazırlaşan şagirdlərin çoxu aşağı siniflərdə dərs oxumur, X-XI sinfə çatanda repetitor yanına getməyə, oxumağa başlayırlar. Belə olduqda Riyaziyyat onlara çox çətin gəlir. Üstəlik, vaxt azlığı da problem yaradır”.
Müəllimin fikrincə, problemi aradan qaldırmaq üçün uşaqlar üçün əyləncə xarakterli, hədiyyəli sualları tərtib etmək olar. Bu, çətin mövzuları belə onlar üçün maraqlı hala gətirəcək:
“Çətin mövzunu humanitar yönümlü şagirdə asan başa salmaq üçün praktiki izahlara üstünlük vermək lazımdır. Şagirdlərin çətinlik çəkdiyi mövzulara proqramda çox vaxt ayırmaq, mövzunu onlara sadə izahlarla mənimsətmək, humanitar yönümlü şagirdlərin çətinlik çəkdiyi mövzulara üstünlük vermək lazımdır”.
Lerik rayon Vistən kənd orta məktəbinin riyaziyyat müəllimi Rusif Məmmədov isə bu halı çox yaxşı hesab edir. Onun sözlərinə görə, belə olduqda uşaqlar mövzunu daha yaxşı dərk edirlər:
“Mövzunu XI sinifdə birdən-birə mürəkkəb formada onların qarşısına çıxarmaqdansa, aşağı siniflərdən şagirdləri mövzunun sadə forması ilə tanış etmək çox yaxşıdır. Belə olsa, bu mövzu riyaziyyatda köklü problemə çevrilməyəcək. Mən bu proqramı dəstəkləyir və onun şagirdlərin işini rahatlaşdırdığını görürəm”.
“Qeyri-adi mövzu yoxdur, Riyaziyyat elə həmin Riyaziyyatdır”.
O, fikirlərini belə mövzulardan biri olan “Ehtimal nəzəriyyəsi” üzərində izah edib. bildirib ki, “Ehtimal nəzəriyyəsi”ni aşağı sinif şagirdlərinə çətin formada keçmirik:
“Mövzuların bu formada keçilməsi həm də insan düşüncəsinin inkişafına əsaslanır. 10-15 il əvvəl ehtimal nəzəriyyəsinin tətbiq olunduğu texnologiyaya az rast gəlinirdisə, indi bunlar saymaqla bitmir. Bu əsas verir ki, həmin mövzularla tez tanış olmalıyıq.
Əvvəl ehtimal nəzəriyyəsində yalnız onun özünü və sadə hesablamaları keçirdiksə, indi mövzunu daha geniş statistika formasında, diaqnostikası, hesablanması ilə birgə keçirik. Burada qeyri-adi mövzu yoxdur, həmin riyaziyyatdır. Sadəcə onların təqdim olunma forması dəyişib. Əvvəl yalnız 1-2 məsələ verib sadə misal üzərində keçdiyimiz mövzunu indi daha dərindən tədris edirik.
Ümumiyyətlə, XI sinif mövzusu aşağı sinfə olduğu kimi salınmır. Şagirdə bilik verilir, gələcəkdə isə o dərinləşir. Məqsəd gələcəkdə birdən-birə həmin mövzu ilə qarşılaşan şagirdin çətinlik çəkməməsidir. Məsələn, V sinif şagirdindən piramidanın həcmini hesablamaq tələb olunmur. Ona sadəcə tilləri, diaqonalları saymaq tapşırılır. Və ya uşaq piramidalarla bağlı çətin hesablamaları edə bilməsə də, ən azından onun Misirdə yerləşdiyini bilir”.
Müəllim orta məktəb proqramını dünya ölkələrinin təcrübəsi ilə izah edib. məlum olub ki, qonşu Türkiyədə bunu artıq 15 ildir ki, tətbiq edirlər. Biz isə bu işi cəmi 6-7 ildir reallaşdırmışıq:
“Amma mənfi tendensiya var. Şagirdləri humanitar və ya texniki olması boş yerə fərqləndirilmir. Şagirdlərin beynində bu fərqi yaradan böyüklərdir. Uşaq yaşdan onlara qrup seçməyi tövsiyə edirlər. Bu, o demək deyil ki, şagirdin riyaziyyatdan zəhləsi gedir. Sadəcə, beynində qrup anlayışı formalaşdığəına görə, Riyaziyyatdan az məlumat toplayır, ona diqqət yetirmir”.